BQXK girovlara baş çəkdi - Şahbaz ailəsinin fotosunu istəyib
Qurum Kəlbəcər girovlarından ailələrinə xəbər gətirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, qurumun nümayəndələri ötən gün Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
"BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək", - deyə İlahə Hüseynova əlavə edib.
Saxlanılan Şahbaz Quliyevin bacısı İradə Quliyeva ANS PRESS-ə açıqlamasında qardaşına məktub və ailə üzvlərinin şəklini göndərdiyini deyib: "Bizdən şəkildən başqa heç nə istəməyib. Bu gün komitədən zəng vurub dedilər ki, qardaşımdan xəbər var, amma bir həftəyə məlumat veriləcək".
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları olan Ş.Quliyev, H.Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb.
2014-cü ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.