Ərşad Hüseynov: “Vətəndaşlar özü də bu avtomobillərin şəklini çəkib DYP-ə təqdim edə bilər”
Avtomobillərin piyadalar üçün nəzərdə tutulan səkilərə park edilməsi hər birimizin tez-tez qarşılaşdığı hallardan biridir. Bəs bu cür sürücülər məsuliyyətə cəlb edilə bilərmi? Qanunda onlarla bağlı hər hansı cəza nəzərdə tutulubmu?
Moderator.az-a açıqlama verən nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bu sürücülərin məsuliyyətə cəlb oluna biləcəyini vurğuladı:
“Qanun öz avtomobilini piyadalar üçün nəzərədə tutan səkilərə park edən, dayanma-durma qaydasını pozan sürücülərin cərimələnməsini nəzərdə tutur. Əgər bir sürücü öz avtomobilini səkidə saxlayırsa, o zaman 20 manat məbləğində cərimə olunur. Əgər sürücü avtomobilin yanında deyilsə, o zaman həmin avtomobil evakuator vasitəsi ilə oradan götürülür. Hətta hər hansı bir vətəndaş səkiyə park edilən avtomobilin şəklini çəkib DYP-ə təqdim edərsə, bu cür hallarda da həmin sürücü məsuliyyətə cəlb edilir.
Vətəndaşlar qarşılaşdıqları bu cür hallar zamanı DYP-nin növbətçi hissəsi ilə əlaqə saxlaya, hansı səkidə hansı avtomobilin park edilməsi ilə bağlı məlumat verə bilər. Belə olan halda yenə də sözügedən qurum tərəfindən müvafiq tədbir görüləcək”.