Evakuator sürücüsü daha bir vətəndaşa külli miqdarda ziyan vurub.
Hadisə paytaxtın Nəsimi rayonu, Xan Şuşinski küçəsində baş verib. Evakuatorun sürücüsü dayanma və durma qaydasını pozan ''90-OH-843'' nömrəli avtomobili yükləyərkən maşına xeyli ziyan vurub.
Zərərçəkmiş sürücü Elşad Hacıyev "Xəzər Xəbər”ə bildirib ki, hadisədən avtomobilin yağını dəyişdirərkən xəbər tutub. Hətta sürücü vəziyyəti mobil telefonu ilə çəkib ki, yol polisinə göstərsin.
Elşad Hacıyev iddia edir ki, həmin detal təmir olunmadığı üçün yenisini almalı olub və 700 manat xərcə düşüb. Ustaların sözlərinə görə, həmin detalı ümumiyyətlə təmir etmək olmaz. Çünki kiçik zərbə zamanı avtomobil idarəetmədən çıxar və böyük qəzalara səbəb ola bilər.
Usta Sahil Ağabəylinin sözlərinə görə, evakuator sürücülərində hər bir avtomobilin daşınması üçün bolt olmalıdır. Əgər bu yoxdursa avtomobilin daşınması zamanı mütləq ona ziyan dəyəcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, ''Yol hərəkəti haqqında'' qanunun 85-ci maddəsində də qeyd edilir ki, evakuator sürücüsü avtomobilə ziyan vurubsa, bu evakuatorun aid olduğu qurum tərəfindən ödənilməldir. Əgər sürücü dəymiş ziyanı özü həll edibsə, həmin servis tərəfindən məsrəf haqqında arayış alıb, məhkəmyə təqdim edə bilər. Sürücü isə məsələ ilə bağlı yeni iş həftəsində Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcəyini deyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: