Sürücülərin nəzərinə: qanuna edilmiş vacib dəyişikliklər qüvvəyə mindi
Təhlükəsizlik kəmərini taxmayan sürücülərə kameraların görüntüsü əsasında protokol yazılacaq
Bu gün Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə minib. Qanuna edilmiş dəyişikliklər bir sıra vacib məsələləri özündə əks etdirir.
Belə ki, yenilənmiş qanunla təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə sürücülərə elektron protokollar tərtib olunacaq. Bundan başqa motosiklet sürücüləri həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə məsuliyyətə cəlb ediləcək və kameraların görüntüləri əsasında onlar barəsində elektron protokollar tərtib ediləcək.
Yeni Məcəllədə əksini tapan digər vacib məsələ inzibati məsuliyyətə cəlbetmə müddətinin bir ilədək artırılması ilə bağlıdır. Halbu ki, daha əvvəl bu müddət 2 ay idi.
Həmçinin yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.
Vacib dəyişikliklərdən biri sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması ilə bağlıdır. Bunun üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsinə zərurət qalmayacaq. Müvafiq əsas olarsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.
Qeyd edək ki, avtomatlaşdırılmış sistemin tərtib edəcəyi elektron protokollar qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməlidir. Əgər 1 ay müddətində protokol sistemə daxil edilməsə və sürücüyə çatdırılmasa, buna görə sürücü məsuliyyətdən azad olacaq.
Onu da qeyd edək ki, bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.
Qeyd edək ki, yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Sənəddə jurnalist adından sui-istifadə edilməsi, imzatoplama və seçki kampaniyasının pozulması, yaşayış və ictimai yerlərdə səs-küy salınması və digər məsələlərlə bağlı cəzalar sərtləşdirilir, KİV-ə qeyri-qanuni sponsorluq, icazəsiz xarici ölkə bayraqlarından istifadə olunması, alıcıların aldadılması və s. məqamlarla əlaqədar yeni cəzalar tətbiq edilir.