azia.az
azia.az

Bu şəxslərə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək

4-10-2024, 21:53

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.

Xəbər verilir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.

Deputat qeyd edib ki, dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub:

“Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən, onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib”.

Parlamentarinin sözlərinə görə, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır:

“Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

- əmək kitabçasının surəti;

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi