Qeyri-sabit hava Balakən və Zaqatalada fəsadlar törədib
Əlverişsiz havaya görə Zaqatalanın elektrik təchizatında problem yaranıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 21 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürür.
Qeyri-sabit hava şəraiti daha çox Balakən rayonunda özünü göstərib. Rayonun Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi və Hənifə kəndi ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyri-sabit hava şəraiti Zaqatalanın dağətəyi Car və Yuxari Tala kəndlərində fəsadlara yol açıb. Qısamüddətli dolu yağıb. Hazırda rayonun Car, Yuxarı Tala, Aşağı Tala və bir sıra ərazilərinə qeyri sabit-hava şəraiti səbəbində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Rayonlarda qeyri-sabit hava şəraiti davam edir.