azia.az
azia.az

Avropa ilə vizasız rejim gündəmə gəldi

15-04-2017, 09:26

Avropa ilə vizasız rejim gündəmə gəldi

XİN-dən bu məsələnin müzakirə olunduğu bildirilir, Azərbaycanı qarşıda hansı prosedurlar, islahatlar gözləyir? Eskpert Vüqar Abbasov: «Özümüz yaratdığımız əngəlləri ləğv etsək, Avropadan vizasız rejim tələb edərik»
“Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir”.

Bunu APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir, qüvvədədir. Saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır: “Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.

Azərbaycan vətəndaşlarımızın Avropaya vizasız gediş-gəlişi üçün hansı yolu keçməlidir? Yaxın perspektivdə bu mümkündürmü?

Turizm üzrə ekspert, Niderlandda yaşayan həmyerlimiz Vüqar Abbasov deyir ki, Ukrayna və Gürcüstan üçün verilmiş bu qərar bir gündə verilməyib. Təbii ki, bu illərdir müzakirə mövzusu olub və nəhayət qərar verilib: “Heç şübhəsiz ki, burda siyasi məqamlar da var. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasından məlum olur ki, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir, qüvvədədir. Gəlin məsələnin görünməyən, yaxud az görünən siyasi tərəflərini bir tərəfə qoyub başqa məqamlara baxaq. Bilirsiniz ki, illərdir ki, Avropa vətəndaşları üçün Ukrayna və Gürcüstana getmək üçün viza tələb olunmur. Adı çəkilən ölkələrin hava limanlarında pasportunu təqdim etmək kifayət edir və heç bir rüsum ödəmədən sənə 90 gün müddətində ölkədə qalmağa icazə verilir. Bu yerdə qeyd edim ki, eyni qayda Ermənistanda da keçərlidir. Biz nə edirik? Dəqiq tarixini unutmuşam, səhv etmirəmsə 2010-cu ilə kimi Azərbaycana gəlmək istəyən Avropa vətəndaşları Azərbaycan hava limanındaca viza ala bilərdilər”.

Ekspert bildirdi ki, doğrudur, yuxarıda adlarını çəkdiyimiz ölkələrdən fərqli olaraq bizdə rüsum ödəmək gərəkir və prosedur həmən ölkələrdəki kimi sadə deyildi: “Gözlənilən o idi ki, biz bunu daha da sadələşdirəcəyik. Ancaq biz nə etdik? Əksinə, daha da çətinləşdirdik. Belə ki, hava limanında viza verilməsini ləğv etdik. Bu dəfə ölkəmizə gəlmək istəyən ancaq hər kəs öz ölkəsindəki konsulluğumuza müraciət edib gərəkən sənədləri təqdim etməli və bir-iki həftə gözləməli idi. Bu isə öz növbəsində əlavə vaxt itkisi idi. İndi isə “Asan Viza” sisteminə keçmişik. Bu, əlbətdə ki, daha asan və rahatdır. Evində oturaraq viza üçün müraciət edə bilərsən. Dövlət rüsumu da aşağıdır, 20 ABŞ dolları. Vaxt itkisi də çox deyil, 3-5 gün müddətində vizanı alırsan. Ancaq gəlin diqqətlə və insafla baxaq. Əvvala bu, əvvəlki illərdə olduğundan, yəni hava limanında viza almaq imkanından asan deyil. Demək istədiyim odur ki, heç başa da dönməmişik. Əgər Ukrayna və Gürcüstanla müqayisə etsək görərik ki, həmən ölkələrə giriş üçün heç bir viza, rüsum, vaxt itkisi gərəkmədiyi halda bizim ölkəmizə gəlmək istəyənlər üçün bunların hamısı mövcuddur, hətta “Asan viza” ilə belə”.

Ekspertin sözlərinə görə, üstəlik həmən ölkələrə daxil olmaq üçün hava limanından verilən icazə 90 gün olur, yəni sən həmin müddətdə ölkələrdə qala bilərsən. “Asan viza” isə cəmi 30 günlükdür. Əgər 30 gündən artıq ölkəmizdə qalmaq istəyən varsa, gərək yaşadığı ölkədəki konsulluğumuza müraciət etsin, yaxud da ölkəni tərk edib yenidən “Asan viza”ya müraciət etsin. Hesab edirəm ki, nə demək istədiyim aydın oldu. Əgər biz yuxarıdakı məqamları həll edə bilsək, sonra Ukrayna və Gürcüstana yaradılmış şəraiti özümüz üçün də tələb edə bilərik»- deyə V.Abbasov bildirib.

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayıb. Ukraynalılar iyunun əvvəlindən Avropa Birliyi ölkələrinə vizasız gedib-gələ biləcəklər. Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.

Bu, Azərbaycan Milli Məclisində müzakirəyə səbəb olub. Parlamentin 7 aprel toplantısında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub. Tələbi deputat Zahid Oruc gündəmə gətirib. O, Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub. Ancaq bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır”.

Həkim Vasif İsmayıl isə məsələyə daha fərqli bucaqdan yanaşıb. O sosial şəbəkədə yazdığı statusda Azərbaycanın Avropa qitəsinə aid olduğunu qeyd edib: “Azərbaycanlıların əksəriyyəti vətənimizi Avropa ölkəsi kimi görür. Amma bu iddianı ortaya qoyarkən sanki avropalılar bunu "xala xətrin qalmasın" deyə qəbul etdiyini düşündüyümüzü müşahidə edirəm. Avropalılar bizə minnət zad qoya bilməzlər. Azərbaycan Avropa qitəsinə aiddir. Coğrafi olaraq daha dəqiq ifadə isə "Azərbaycan transkontinental yerləşmiş ölkədir" şəklində olmalıdır. Transkontinental, yəni iki qitədə yerləşən. Məsələn, Türkiyə həm Avropa, həm də Asiya qitəsinə aiddir. Rusiya da transkontinental ölkədir. Azərbaycan da transkontinental ölkədir. İzah edirəm. Coğrafi olaraq Avropa qitəsinin cənub-şərq sərhədi Böyük Qafqaz sıra dağlarıdır. Elmdə qəbul edilmiş bir qayda vardır - dağ silsilələrində sərhəd "suayrıcından" keçir. Yəni, dağın bir üzündə su bir yerə, o biri üzündə isə əks istiqamətə axır. İki su axınının ayrıldığı bu nöqtəyə də suayrıcı deyirlər. Böyük Qafqaz sıra dağları Abxaziyanın şimalından başlayaraq düz Sumqayıta qədər gəlir. Bəli, bəli düz Sumqayıta qədər. Daha doğrusu Sumqayıtdan 10-15 kilometr şimala qədər. Suayrıcı da bu xəttə qədər gəlir. Məsələn, Girdman çayı Böyük Qafqazdan hansı istiqamətə axır? Cənuba. Yaxşı, Qudiyalçay Böyük Qafqazdan hansı istiqamətə axır? Şimala”.

“Azərbaycanın Sumqayıtdan düz Rusiya sərhədinə qədər hissəsi əməlli-başlı, coğrafiya elminin bütün qanun-qaydasına uyğun olaraq Avropa qitəsinə aiddir. Gürcüstan aid deyil. Ermənistan aid deyil. Azərbaycan isə aiddir. Amma Avropaya vizasız Gürcüstan vətəndaşı gedə bilir, biz isə yox. Haqlı ikən haqqımızı ala bilmirik. Niyə ala bilmədiyimizi yəqin ki bilirsiniz” - deyə həkim öz fikrini tamamlayıb.

Aysel


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi