azia.az
azia.az

Əhməd Qəşəmoğlu: “İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir”

9-09-2022, 09:13


“Ölkədə ən xoşagəlməz hallardan biri də son dövrlərdə yarımçıq düşünən insanların çox sayda yetişməsidir. Həmin insanlar özləri də bilmədən cəmiyyətimiz üçün xeyli problemlər yaradır. Onlar əksər savadsız mollalar kimi, lazımi qədər məlumatları olmadıqları məsələlərdən çox əminliklə danışır, sensasiya yaratmağı xoşlayır, bununla da özlərini təsdiq etməyə çalışır, başqalarından daha ağıllı olduqlarını nümayiş etdirməyi sevirlər. Bu hərəkətlərinin necə nəticələr verəcəyini düşünmürlər... Bu da cəhalətin müasir bir növüdür...”
Əhməd Qəşəmoğlu: “İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir”


Xəbərə görə, bunu sosioloq Əhməd Qəşəmoğlu bildirib.



Ə.Qəşəmoğlu bildirib ki, həmin insanları tənqid etmək fikrində deyil: “Onlar da bizim vətəndaşımızdır, xalqımızın nümayəndələridir. Təbii ki, mahiyyətinə varsalar, özləri də o halda olmaq istəməzlər... Ahəngyol elmində ətraflı əsaslandırıldığı kimi, insanın davranışının formalaşmasına 4 mühüm amil təsir edir: 1) insanın öz fitrəti, öz məxsusi psixoloji xüsusiyyətləri; 2) yaşadığı mühit; 3) aldığı informasiyaların məzmunu və intensivliyi və 4) üstünlük verdiyi dəyərlər. Həmin insanlar çoxalmışsa, cəmiyyətdə xeyli problemlər yaradırlarsa, günahı onların özündə axtarıb, onları söyüb-yamanlamaq yox, bu 4 amil üzrə hamılıqla birlikdə hansı səhvlərə yol verdiyimizi düşünə bilsək, yəqin ki, çıxış yollarını daha tez taparıq.

1) Xalqımız hər zaman belə(gəvəzə) insanları xoşlamayıb. Yaşı 60-dan yuxarı olanlar xatırlayır ki, əvvəllər belə adamlar çox az idi. Deməli bu bizim milli xüsusiyyət deyil.

2) Mühitdə problemlər yaranıb. Əvvəllər yeni nəslin formalaşmasında aşağıdakı amillər çox mühüm rol oynayırdı: a) ailə; b) məktəb; c)cəmiyyət; d) bədii ədəbiyyat, filmlər, TV. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var. Cəmiyyətdə xeyli problemlər var, gərginlik yaşanır. Bədii ədəbiyyat oxunmur, oxunanda da mənəvi aşınmaya daha çox yardım edən ədəbiyyat oxunur. Oğru aləmindən, ucuz dedektiv, "boyevik" və s. Mənəvi dəyərlər aşılayan filmlər yox dərəcəsindədir. TV ləri bir çox hallarda yüngüllük, yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal eyləyib.... Ümid tək təhsil sisteminədir. Təhsil sistemi uzun illərdir ki, eksperimentlər obyektinə çevrilib. İşsiz adamlar çoxalıb. Özünü əməyin hansısa növünə həsr etmək vərdişi yaddan çıxıb. Xeyli bekar adamlar yaranıb. İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir. İnsan xarakteri elədir ki, beşikdən başlayaraq özünü təsdiq etmək təlabatı vardır. Özünü hansısa konkret, maraqlı bir işdə təsdiq eyləyə bilməyən adamlar özünü təsdiq üçün yollar axtarır. Özünü mühüm adam kimi göstərmək, bir çoxlarına bu sahədə kömək edir.

3) Təəsüf ki, ətrafdan, TV-lərdən, sosial şəbəkələrdən alınan informasiyaların məzmunu ürəkaçan deyil. TV - lər özündən bədgüman adamların artmasında mühüm rol oynayır.

4) Min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verməyə çağırır. Çünki, mənəvi dəyərlər üstün olan yerdə ahəngdar münasibətlər yaranır. Mənəvi dəyərlər arxa plana keçən yerdə isə hər zaman gərginlik, qarşıdurma, mənəvi aşınma baş verir. Yarımçıq düşünən insanların sayının çox olması olduqca arzu olunmaz bir göstəricidir. Şükür ki, bu vəziyyətdən çıxış yolları mövcuddur...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi