ABŞ 10 məhbusu Quantanamo həbsxanasından köçürür
Kubada yerləşən ABŞ-a məxsus Quantanamo hərbi bazasının həbsxanasında saxlanan 10-dək məhbus digər ölkələrə veriləcək.
Məhbusların azı iki ölkəyə göndərilməsi nəzərdə tutulub. Pentaqondan bildiriblər, məhbusların bir hissəsi yaxın günlərdə, digərləri isə yaxın həftələrdə Quantanamonu tərk edəcək.
Qeyd edək ki, məhbusların köçürülməsi Quantanamonun bağlanmasının tərkib hissəsidir. Bu ilin fevralında ABŞ prezidenti Barak Obama Quantanamo hərbi bazasında yerləşən həbsxananın bağlanması üzrə yeni təkliflərini Konqresə təqdim edib. Dövlət başçısı dəfələrlə bildirib ki , Quantanamonu bağlanmasına dair məsələni ölkənin növbəti prezidentinə miras qoymaq istəmir.
Xatırladaq ki, Quantanamo həbsxanası 2002-ci ildə yaradılıb.