azia.az
azia.az

Bakı küçələrinin cəmi 16%-də kanalizasiya sistemi var

17-10-2016, 16:09

Bakı küçələrinin cəmi 16%-də kanalizasiya sistemi var
"Normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur"

Bunu "APA-Economics"ə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

A. Nəcəfli vurğulayıb ki, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: "Sadəcə kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, Xətai, Neftçilər prospektində, Biləcərinin mərkəzi yolunda və Binəqədi şosesində olan problem ondan ibarətdir ki, su nasosları suyu ərazidən uzaqlaşdıra bilmir".

Yollarda suyun çəkilməsi ilə bağlı işlərə "Azərsu" ASC və Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarət etdiyini bildirən qurum sözçüsü əlavə edib ki, "Azəravtoyol" ASC-nin əməkdaşlar da onlara yardım göstərirlər: "Bizə aid olan yağış barmaqlıqlarıdır, onlarda heç bir problem müşahidə olunmur. Bakı küçələrinin cəmi 16-17%-də yağış-kanalizasiya sistemi var. Ancaq bir daha qeyd edirəm ki, mövcud problemin yaranmasında yağış-kanalizasiya sisteminin olub-olmaması rol oynamır. "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə mövcud olan yağış-kanalizasiya sistemində heç bir problem yoxdur".

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə "APA-Economics"ə bildirib ki, mövcud kanalizasiya sistemi 1970-1980-ci illərdə yaradılıb və həmin dövrün tələbatı üçün hesablanıb: "Son illər Bakı kifayət qədər böyüyüb, binaların sayı çoxalıb. Bakının kanalizasiya şəbəkəsi isə ötən əsrin 70-80 illərində qurulub və həmin dövrün tələbatı üçün hesablanmışdı. Bu gün bu sistem tələbatı ödəmir. Bu gün yağış sularının hamısı "Azərsu"nun kollektorlarına yönəlir. Belə olan halda isə intensiv yağıntılar zamanı kollektorlar tam yüklənir və bütün suyu daşıya bilmir".

Qurum rəsmisi əlavə edib ki, vəziyyətdən çıxışı yolu kimi "Azərsu" tərəfindən Master Planı hazırlanıb: ""Azərsu" tərəfindən araşdırma aparılıb və belə bir qənaətə gəlinib ki, yağış suları ümumiyyətlə təmizlənməyə yönəldilməməlidir. Yağış suları birbaşa olaraq Abşeron ərazisindəki göllərə və yaxud Xəzər dənizinə təmizlənmədən ötürülməlidir. Digər fəsad isə odur ki, bu gün "Azərsu" yağış sularını Hövsan qəsəbəsində təmizləmək məcburiyyətində qalır. Buna səbəb başqa şəbəkənin olmamasıdır. Çünki Bakının bütün şəbəkəsi kanalizasiyaya birləşib. Bunun üçün də ayrıca yağış xətləri olmalıdır, bu yağış xətləri və kollektorları yağış sularının kənarlaşdırılmasından sonra, nə yağış suları toplanacaq, nə də kanalizasiyada problem yaşanacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi