Müxalifət Cinayət Məcəlləsinə salınacaq “ömürlük” maddədən narahatdırmı?
İqbal Ağazadə: “Bu maddəni təqdir edirəm”; Tural Abbaslı: “Bizi təşvişə salmaya bilməz”
Həsrət Rüstəmov: “Ciddi şəkildə narahatıq”
Prezident İlham Əliyevin təqdimatı ilə Cinayət Məcəlləsinə 278.2-ci maddənin əlavə edilməsi ilə bağlı təklif verilib.
Artıq layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Təklif olunan maddəyə ölkə müxalifətinin mövqeyi birmənalı deyil. Bir qisim Azərbaycan üçün dini radikalizm təhlükəsinin olduğunu düşünüb, yeni maddəyə müsbət yanaşır. Digər qisim bundan narahatdır. İkincilər gələcəkdə bu maddədən sui-istifadə hallarının olacağını, müxalifətçilərin bu maddə ilə ittiham oluna biləcəyini ehtimal edirlər.
Ümid Partiyasının sədri İqbal Ağazadə CM-ə əlavə olunacaq bu maddədən heç bir narahatlıq hissi keçirmədiklərini söylədi: “Əksinə, bu maddəni təqdir edirəm. Heç bir halda hakimiyyəti zorakı yolla ələ keçirmək, dövlət quruluşunu dəyişmək, dövlətin konstitusion quruluşunu dini məcraya yönəltmək, əraziləri parçalamaq olmaz. Bu baxımdan, Cinayət Məcəlləsinə əlavə olunacaq maddəni təqdir edirəm. Sui-istifadə halları hər zaman olacaq. Konstitusiyamızda insan haqları var, bəyəm yerinə yetirilir? Söhbət burada sui-istifadədən getmir, maddənin quruluşundan gedir. Bu hallar olacaq deyə, bir qanun qəbul olunmasınmı? Sadəcə, sui-istifadə hallarının qarşısını almaq lazımdır, qanunun qəbulunun yox”.
AĞ Partiyanın sədri Tural Abbaslı yeni maddənin müxalifəti narahat etməli olduğunu qeyd etdi: “Azərbaycan tolerant xalqdır. Bu günə qədər dini radikalizm istiqamətində ciddi bir qarşıdurma olmayıb. Buna cəhdlər edilib, amma arxasında siyasi çalarlar, yəni süni qarşıdurma yaratmaq məqsədləri dayanıb. Burada da dini camiyənin rolu olmayıb. İndi də belə ağır şərtlərlə Cinayət Məcəlləsinə maddə salınması düşünürəm ki, beynəlxalq aləmə bir mesajdır. Azad məhkəmələrin olmadığı bir ölkədə belə ağır maddələrin olması bizi təşvişə salmaya bilməz. Bu təhlükələr hər birimizi gözləyə bilər. Hazırda Azərbaycanda dinlə bağlı heç bir təhlükə görmürəm”.
ADP sədrinin müavini Həsrət Rüstəmov hesab edir ki, bu və ya digər formada Azərbaycanda qanunlar sərtləşdirilir: “Biz də bundan ciddi şəkildə narahatıq. Bu hallar cinayətlərin azalmasına gətirib çıxarmır. Əksinə, cəzalar nə qədər sərtləşdirilirsə, ağır cinayətlərin sayı artır. Bizim partiya qeyri-qanuni yollarla hakimiyyətin dəyişdirilməsinin birmənalı əleyhinədir. Bunu dəfələrlə bəyan etmişik. Biz hakimiyyətin demokratik yolla, xalqın iştirakı ilə dəyişdirilməsinin tərəfdarıyıq. Bundan əlavə, güc yolu ilə olan dəyişiklikləri heç bir halda dəstəkləmirik. Siyasi təcrübəmizdə bu hal var. Əbülfəz Elçibəyə qarşı silahlı qiyamın müxalifətdə olmağımıza baxmayaraq, ilk əleyhinə çıxan biz olmuşuq. Bu cür maddələrin əlavə olunmasından ona görə narahatıq ki, bundan sui-istifadə edib müxalifət tərəfdarlarını həbsə alar, ağır cəzalara məhkum edərlər. Bu baxımdan, yeni maddənin əleyhinəyik”. (musavat.com)