Sərnişinlər məsuliyyətdən niyə kənarda qalırlar?
Sərnişinlər ictimai nəqliyyatda davranış qaydalarını pozduqlarına görə nadir hallarda cərimələnirlər
Qanunvericilikdə sərnişinlərin ictimai nəqliyyatda vəzifələri və öhdəlikləri ilə bağlı müddəalar var.
İctimai nəqliyyatda sərnişinlərin davranış qaydalarını pozmalarına tez-tez rast gəlinir. Amma bir çox hallarda qaydaları pozan sərnişinlər məsuliyyətdən kənarda qalırlar.
Qeyd edək ki, hazırlanmaqda olan Bakının yeni nəqliyyat konsepsiyasında sərnişinlərin məsuliyyəti barədə məsələlər də öz əksini tapıb.
Məsələ ilə bağlı ekspert Ərşad Huseynov Trend-ə bildirib ki, sərnişinlərin böyük əksəriyyəti ictimai nəqliyyatda hansı vəzifələr və öhdəliklər daşımaları barədə məlumatsızdırlar.
Ekspert qeyd edib ki, qanunvericilikdə sərnişinlərin nəqliyyat vasitəsində vəzifələri və öhdəlikləri ilə bağlı müddəalar var: "Qanunvericiliyə əsasən, sərnişinlər avtobusa minmə-düşmə qaydalarını pozduqda, ictimai nəqliyyatın pəncərəsindən bayıra əşya atdıqda, sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olduqda və digər pozuntulara yol verdikdə, onlara cərimə tətbiq olunmalıdır. Amma təcrübədə bunlar tətbiq olunmur".
Ə.Hüseynov deyib ki, sərnişinlərə bu cərimələrin tətbiq olunma mexanizmi mürəkkəb prosesdir: "Hər gün ictimai nəqliyyatdan on minlərlə insan istifadə edir. Onların hər birinə ayrılıqda nəzarət etmək, hərəkətlərini izləmək çətindir. Nəzarət etmək üçün ictimai nəqliyyatda nəzarət kameraları quraşdırılır, amma bu da problemi həll etməyə lazımi səviyyədə kömək etmir. Çünki qaydanı pozan sərnişinin cəriməsi gərək həmin anda tətbiq olunsun. Əgər sərnişin nəqliyyatın pəncərəsindən bayıra əşya tullayırsa, onun cəriməsi gərək həmin vaxt tətbiq edilsin, əks halda sonra həmin şəxsi tapmaq problem olur".
Ə.Hüseynov maarifləndirmə işinin bu məsələdə faydalı olacağını hesab edir. O deyib ki, sərnişinlərin məlumatlı olmaları üçün ictimai nəqliyyatda onların məsuliyyətini əks etdirən lövhələr olmalıdır.