azia.az
azia.az

Azərbaycanda suyu fransızlar bahalaşdırdı?

16-05-2016, 18:30

Azərbaycanda suyu fransızlar bahalaşdırdı? Suyun qiyməti Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in bəzi üzvləri "SUEZ", "Sidem" və "İtron" şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətində keçirdiyi görüşdən sonra bahalaşdı.
Bu barədə iqtisadçı-alim Qubad İbadoğlu məlumat verib. O, sözügedən görüşdən sonra dəyişdirilən yeni tariflərin bu gündən qüvvəyə minəcəyini bildirib: "Sayğaclar qiymətləri artıq yüksək tariflərlə hesablamağa başlayıb. Nəticədə bu gündən başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artmağa başladı. Qiymət "Azərsu" ASC-nin müraciəti əsasında bahalaşdırıldığından bu qərarın korporativ maraqlar üzərində verildiyi şühbə doğurmur. Lakin indiki həssas sosial durumda "Azərsu" ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görünmir. Fikrimcə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür. Çünki hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görsənir. Odur ki, bu yanaşma ilə hökümət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra və sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər".
Q.İbadoğlunun fikrincə, belə olan halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların tariflərinin artırılmasıyla bağlı qərar gözləmək olar: "Milli iqtisadiyyatın kiçildiyi, işləyənlərin gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxaldığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirə bilər. Nəzərə alsaq ki, suyun qiymətinin artması manatın devalvasiyasından sonra ən çox bahalaşmış qablaşdırılmış suların qiymətində yeni bahalaşma dalğası yaradacaq. Keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmayan suyun mövcud qiymətindəki artım bir müddət ötdükdən sonra ailə büdcəsində daha əhəmiyyətli yer tutacaq".
Ekspert onu da vurğulayıb ki, qiymət bahalaşmasından sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən "Azərsu" ASC-nin "qara günləri" başlaya bilər.
Qeyd edək ki, Tarif Şurası suyun qiymətini ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla), bir kub metr üçün 8 manat müəyyən edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi