azia.az
azia.az

Deputat Ağalar Vəliyev düşmənə qan udduran “Rembo” ləqəbli yaralı tankçıya baş çəkib

23-04-2016, 16:07

Deputat Ağalar Vəliyev düşmənə qan udduran “Rembo” ləqəbli yaralı tankçıya baş çəkib 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən seçilmiş deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev aprelin 22-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Reanimasiya şöbəsində müalicə alan Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu, tankçı-mexanik, çavuş Razi Cavadova baş çəkib.

Gün.Az xəbər verir ki, bu barədə yaralı döyüşçünün atası Vidadi Cavadov məlumat verib.

Onun sözlərinə görə, millət vəkili həkimlərlə söhbət edərək Razi Cavadovun vəziyyəti barədə ətraflı maraqlanıb: “Düzünü deyim, Ağalar Vəliyevin hospitala gəlişi mənim üçün gözlənilməz oldu. O, bizim rayonumuzun deputatıdır, seçicisiyik. Dedi ki, Razinin vəziyyətindən xəbər tutan kimi hospitala gəlib. Reanimasiyaya keçib oğluma baş çəkdi. Sonra həkimlə xeyli söhbət etdi. Həkim dedi ki, Razinin vəziyyəti ağır-stabil olaraq qalır. Ağalar müəllim dedi ki, əgər xaricdə müalicəsinə ehtiyac varsa, öz tərəfindən köməklik göstərə bilər. Amma həkim dedi ki, komada olan yaralının xaricə göndərilməsi mümkün deyil, yəni tibbi göstəriş yoxdur. Dedi ki, oğlum peşəkar həkimlərin nəzarəti altındadır, vəziyyəti ümidvericidir. Hospitalda hər cür şərait var, həkimlər nə lazımdırsa edirlər”.

Vidadi Cavadovun sözlərinə görə, deputat Razi kimi qəhrəman oğulların gücü sayəsində torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını bildirib. “Ağalar müəllim dedi ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları mütləq düşməndən azad olunacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”- deyən Vidadi Cavadov qeyd edib ki, millət vəkili yaralı döyüşçünün ailə vəziyyəti ilə də maraqlanıb: “Çox sağ olsun, Razinin ailəsinə maddi yardım da etdi.

Ağalar müəllim vətənpərvər deputatdı. Onu ağır döyüşlərin getdiyi günlərdə, aprelin 3-4-də Tapqaraqoyunluda görmüşdüm. Orda həm camaata, həm əsgərlərə mənəvi, həm də maddi tərəfdən köməkliklər göstərdi. Kəndə “qrad” mərmisi atırdılar, amma o camaatla birgə kənddə idi. Dünən hospitala oğlumun yanına gəlməsi mənim üçün çox böyük bir mənəvi dəstəkdir. Allah ondan razı olsun, bizə etdiyi mənəvi, maddi dəstəyə görə də ailəmiz adından çox minnətdarlıq edirəm”.

Xatırladaq ki, Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı “Rembo” ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnilkasını və canlı qüvvəsini məhv edib. Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub. Sol gözünü itirən tankçımız 17 gündür ki, komadadır. Onun üç azyaşlı uşağı - iki oğlu, bir qızı var.

Deputat Ağalar Vəliyev düşmənə qan udduran “Rembo” ləqəbli yaralı tankçıya baş çəkib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi