“Radikal dini cərəyanlar ciddi problemə çevrilməkdədir” - partiya sədri
“Siyasi, demokratik müxalifətin zəifləməsi radikal qüvvələrin meydana çıxmasına səbəb olur”
“Bu gün Azərbaycanda dini müxalifətin meydana çıxma təhlükəsi var. Müxtəlif məzhəblər, təriqətlər, radikal dini cərəyanlar ciddi problemə çevrilməkdədir”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında yeni AXCP-nin sədri Razi Nurullayev bildirib. Onun sözlərinə görə, təhlükənin olduğunu söyləməsi üçün bir sıra arqumentləri var: “Sosial şəbəkədə elə statuslar görürəm ki, musiqi dinləməyi günah hesab edirlər, şadlanmağı günah hesab edirlər, onlar üçün insan əzabkar olmalı, dünya cah-cəlalından uzaq dayanmalıdır. Yəni uzun sözün qısası, insan yasa batmalıdır. Belə bir təhlükə olduğu halda dünyəvi müxalifətin zəiflədilməsi və ölkənin siyasətinə təsir imkanlarının azaldılması, o cümlədən dindarlarla birlikdə hərəkət etməyi çıxış yolu kimi görməsi sonun başlanğıcıdır. Bu təhlükə çox ciddidir”.
R.Nurullayevin fikrincə, dünyəvi demokratik müxalifətin zəifləməsi və təsir imkanlarını itirməsi, onun əvəzində radikal dini müxalifətin meydana gəlməsi yalnız müxalifət üçün təhlükə yaratmır, daha çox iqtidar və dövlətimiz üçün təhlükəlidir: “Demokratik müxalifət dünyəvidir və onlarla dil tapıb anlaşmaq problem deyil. Qatı dini cərəyanlarla, başqa ölkələrin din pərdəsi altında siyasətinə yardımçı olanlarla isə dil tapmaq mümkün deyil. Onlar üçün dialoq, humanizm, barışdırıcılıq xas deyil, daha çox dağıdıcılığa, yıxmağa, yandırmağa, uçurmağa, sökməyə meyllidirlər. ”Allahu-əkbər" deyib özünü partlatmaq istəyən, əvəzində cənnətə düşməyə inanan “dindar” nüvə bombasından daha təhlükəlidir. Təriqətlər, məzhəblər parçalayıcı mövqe nümayiş etdirir, din pərdəsi altında gizlənən siyasətçilər isə bunu qanlı toqquşmalara gətirib çıxarırlar. Bu cür təhlükəli bir zamanda yaşadığımızı göz önünə gətirərək, dünyəviliyin inkişafına və təbliğatına ciddi yanaşırıq. Hakimiyyətin isə bu dəyərlərin saxlanması üçün özünə tərəfdaş olaraq dünyəvi müxalifəti seçməkdən başqa yolu yoxdur. Ona görə də qoy ciddi düşünsünlər. Dindarları isə öz siyasətinə pərçim edənlər, onlarla üzdə bir olub, ideoloji baxışda fərqlənən dünyəvi müxalifət isə düşünsün ki, həlledici məqamda dəyənək birinci elə onların başına enəcək".