Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı
Barış Manço Türkiyənin əfsanəvi müğənnisi, müasir türk sənət musiqilərinin mahir ifaçısı və televiziya aparıcısı olması ilə yanaşı, həm də vətəninə, millətinə sadiq şəxsiyyət kimi yaddaşlarda dərin iz buraxıb. Türkçülüyü ilə fəxr edən sənətçinin yadda qalan ən maraqlı hekayələrindən biri də Fransanın telekanallarının birində qonaq olarkən türk millətini ələ salan jurnalisti susdurması olub.
Kult.az Barış Manço ilə fransız jurnalist arasında baş verən sözügedən hadisəni təqdim edir:
Fransanın televiziya kanalının canlı verilişində aparıcı qonaq qismində əyləşən Barış Manço ilə söhbətində ona qarşı kobudluq edərək, “Bu, türkdür, qəddar və vəhşi türk” deyib. Barış Manço aparıcını səbirlə dinləyib və sözünü bitirəndən sonra ondan soruşub:
- Yanınızda kağız pul varmı?
Sual aparıcını çaşdırıb və “Bəli, var, nəyinə lazımdır” soruşub.
Barış Manço israr edib və aparıcı cibindən fransız əsginazlarını çıxarıb. Müğənni pulları bir-bir əlinə alıb və aparıcıdan soruşub:
- Bu pulunuzun üzərində fotoşəkili olan adam kimdir?
- General!
Barış Manço digər pullardakı adamları da soruşub, aparıcının verdiyi cavablar isə belə olub:
- General, admiral, komandir...
Bundan sonra Barış Manço cibindən türk pullarını çıxarıb və sadalayıb:
- Bu pulun üzərindəki fotoşəkil Məhməd Akif Ərsoyundur. Şairdir. Bu adam Mövlanadır, filosofdur. Bu puldakı adam Fateh Sultan Məhməddir, ədalətin simvoludur. Bu puldakı adam isə Atatürkdür, “Yurdda barış, cahanda barış” deyən adamdır. Bizim pullarımız bunlardır, sizin pullarınız da onlar... Biz türklər incə ruhlu, nəzakətli, mədəni insanlar olduğumuz üçün pullarımızın üstünə şairlərimizin, mütəfəkkirlərimizin, elm adamlarımızın şəkillərini əks etdirdik. Siz fransızlar qəddar, vəhşi olduğunuz üçün pullarınıza həmişə komandanlarınızın şəkillərini yapışdırmısınız...
Barış Mançonun bu cavabından sonra televiziya rəhbərliyi canlı verilişi dayandırır və aparıcını verilişdən uzaqlaşdırır, əvəzinə başqa aparıcı çıxır. Yeni aparıcı canlı yayımda Barış Mançodan və bütün türklərdən üzr istəyir və proqram xoş aurada davam edir.