Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “ 2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.
Modern.az xəbər verir ki, müzakirələrdə çıxış edən Vahid Əhmədov bildirib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda Azərbaycan iqtisadiyyatındakı dəyişikliklər müsb’t hesab edilir:
“Büdcənin xərc hissəsi 1 milyard civarında nəzərdə tutulub. Azərbaycan Dövlət Neft Şirkətinə, Əmənətlərin Sığortalanması Fonduna vəsait ayrılıb. SOCAR-a ayrlmış vəsait “Azəriqaz”da qazla əlaqədar itkilərin baş verməsi ilə bağlıdır. Amma “Azəriqaz” itkilərin qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlamalıdır.
Beynəlxalq Banka avadanlıq emissiyası ilə bağlı 4 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu da dövlət imicinin qorunub saxlanılması üçün vacibdir. Bundan əlavə, əgər biz iqtisadiyyatın inkişafına nail olmaq istəyiriksə, real sektora vəsaiti ayırmağı da diqqətdə saxlamalıyıq”.
Deputat Tahir Kərimli isə bildirib ki, Milli Məclisə bəzi qurumlar mexaniki aqreqat kimi baxırlar. “Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik. Mən qorxuram ki gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın.
Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik?
Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq”.