Azərbaycanın beynəlxalq əlaqələrindəki uğurları, şaxələndirilmiş xarici siyasəti və regional sabitliyə verdiyi töhfələr ölkənin qlobal arenada daha da möhkəmlənən mövqeyini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibədə bu məsələlərlə bağlı ölkəmizin siyasətinin əsas istiqamətləri və prioritetləri daha aydın şəkildə ortaya qoyulub.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da möhkəmlənəcəyini bildirib. 2024-cü ildə imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan ilə Çin arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinin əsasını qoyub. Bu Bəyannamənin imzalanması Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə balanslı və səmərəli siyasət həyata keçirdiyini göstərir. Azərbaycanın digər beynəlxalq tərəfdaşlarla, xüsusən də Çinlə olan əlaqələri ölkəmizin çoxvektorlu xarici siyasətinin və diplomatik uğurlarının bariz nümunəsidir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
O qeyd edib ki, Azərbaycan və Çin arasında qurulan bu strateji tərəfdaşlıq, təkcə iki ölkə arasında deyil, həm də qlobal miqyasda sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsində müstəsna rol oynayır. Həmçinin bu münasibətlər Azərbaycanın dünya üzrə müxtəlif tərəfdaşlarla olan əlaqələrini möhkəmləndirməsinə və daha geniş iqtisadi imkanlara sahib olmasına imkan yaradır.
Azərbaycanın müxtəlif coğrafi bölgələrdə, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda sabitliyin qorunmasına verdiyi töhfələr dünya miqyasında yüksək qiymətləndirilir. Bu, yalnız Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmir, həm də regional sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır. Azərbaycanın Avropa İttifaqının üzvü olan 10 ölkə ilə imzaladığı strateji tərəfdaşlıq bəyannamələri və Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi ölkəmizin nüfuzunu daha da artırıb və bununla da Azərbaycanın mövqeyini gücləndirən mühüm addımlar atılıb.
Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi üçün apardığı mübarizə ölkəmizin beynəlxalq hüquqa və öz milli maraqlarına sadiqliyini bir daha nümayiş etdirib. Bu, digər ölkələr üçün də nümunə olub və ölkəmizin beynəlxalq aləmdə daha böyük hörmət qazanmasına gətirib çıxarıb. Ümumilikdə, bu, Azərbaycanın həm daxili, həm də xarici siyasətindəki prinsipial yanaşmalarını aydın şəkildə göstərib.
“Prezident İlham Əliyevin COP29-da verdiyi açıqlamalar isə Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələlərində fəal iştirakını və inkişaf etmiş ölkələrlə bərabər şəkildə Qlobal Cənubun maraqlarını müdafiə etmək niyyətini əks etdirir. Azərbaycan bu məsələdə həm inkişaf etmiş ölkələrlə, həm də öz regional tərəfdaşları ilə birgə fəaliyyət göstərir. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki fəallığı qlobal səviyyədə liderlik iddiasını dəstəkləyir və həmçinin regional əməkdaşlığın artmasına səbəb olur”, – deyə deputat bildirib.
Azərbaycanın yaşıl enerji gündəliyinin də ölkəmizin strateji məqsədlərinə uyğun olduğunu vurğulayan Müşfiq Məmmədli deyib: “2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat həcmində Günəş və külək enerjisinin hasil edilməsi məqsədinə doğru irəliləyən Azərbaycan müasir enerji texnologiyalarını inkişaf etdirmək və qlobal yaşıl enerji təchizatına töhfə vermək niyyətindədir. Çinin bu sahədəki təcrübəsindən istifadə etmək Azərbaycanın iqtisadiyyatını daha da şaxələndirəcək və ölkəmizin yaşıl enerjinin istehsalı və ixracında yeni imkanlar yaradacaq”.
Deputatın sözlərinə görə, Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycanın iqtisadiyyatının və regionun ticarət imkanlarının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın həm Avropa, həm də Asiya bazarlarına daha yaxın olmasına və bu bazarlarda daha böyük təsir gücünə sahiblənməsinə imkan yaradacaq. Azərbaycan, həmçinin ABŞ ilə əlaqələrində son dövrlərdə müəyyən gərginliklər yaşasa da, Prezident Donald Tramp dövründə əldə edilən müsbət təcrübə, qarşıdakı dövr üçün yeni imkanlar açacaq. Bu, Azərbaycanın beynəlxalq siyasətindəki çevikliyini və qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq bacarığını bir daha nümayiş etdirir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm öz milli maraqlarını qorumağa, həm də qlobal sabitlik və regional inkişafın dəstəklənməsinə öz töhfələrini verməyə davam edir. Bu, Azərbaycanın dünya miqyasında siyasi və iqtisadi gücünün artmasına səbəb olur. Azərbaycanın xarici siyasətində əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirməkdə və qlobal miqyasda daha geniş təsir imkanları əldə etməkdə mühüm rol oynayır”, – deyə M.Məmmədli vurğulayıb