Parlament diplomatiyamız üçün yeni sima- RİZVAN NƏBİYEV!
Sentyabrın 1-də Azərbaycanda yeni parlament formalaşacaq. Seçicilərin müsbət rəyini alacağına inandığım adaylardan biri də namizədliyi 49 saylı Abşeron İkinci Seçki Dairəsindən irəli sürülmüş Rizvan Nəbiyevdir.
Rizvanın adını MSK-nın elan etdiyi qeydiyyata alınmış namizədlər siyahısında görəndə keçirdiyim sevincin və fərəhin arxasında bir əminlik dayanır. Azərbaycanın milli maraqlarının qorunmasına Rizvan Nəbiyevin peşəkar diplomat kimi xüsusi töhfələr verməsindən XİN sistemində çalışan dostlarımız həmişə ağızdolusu danışıb. Elə bu səbəbdən də hazırda onun namizədliyinin parlamentə irəli sürülməsinin və seçicilərin dəstəyi ilə Milli Məclisə üzv olmasının ölkəmiz üçün son dərəcə faydalı olacağına zərrə qədər şübhə etmirəm.
Bəli, İkinci Qarabağ Savaşı ölkəmizdə və regionumuzda yeni reallıqlar yaradıb. Bu faktdır. O da faktdır ki, dünya sürətlə dəyişir və baş verən dəyişikliklər bizi bir toplum olaraq həm pozitiv çağırışlar qarşısında qoyur, həm də İkinci Dünya Savaşından sonra formalaşmış, SSRİ-nin dağılması ilə yenidən düzənlənmiş beynəlxalq arxitektura çökür. Azərbaycan Lideri İlham Əliyev son dərəcə böyük diplomatik məharətlə doğru oxuduğu dünyada ölkəmizi xətasız-bəlasız yeni milli hədəflərə qovuşdurmaq üçün əzmlə çalışır. İndi dövlətimizin institutsional sisteminin prezident İlham Əliyevin böyük davasına maksimum dəstək verməsinə zərurət var.
Bu zərurət Azərbaycan parlamentinin diplomatik potensialını yeniləməyi, gücləndirməyi, xarici siyasətimizin müasir prinsiplərinə və tempinə uyğulaşdırmağı şərtləndirir.
Sözügedən şərtlər üzərində daha geniş və təfsilatlı şəkildə düşünəndə Rizvan Nəbiyevin intellektual, peşəkar və mənəvi potensialının yeni parlament üçün əhəmiyyəti bir daha ortaya çıxır.
R.Nəbiyev 1975-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Yeddinci sinifə qədər Qanlı kənd orta məktəbində təhsil alıb. Ermənistanda yaşayan soydaşlarımız kimi deportasiyaya məruz qaldığından təhsilini Bakı şəhərində davam etdirib.
Bakı Dövlət Universiteninin Beynəlxalq münasibətlər fakültəsində bakalavr, Almaniyanın Saarbrüken Universitetində “Avropa hüququ” ixtisası üzrə magistr təhsili alıb.
Berlin Azad Universitetində Siyasi elmlər doktoru elmi dərəcəsinə yiyələnib. Müstəqil Azərbaycanın tarixində Almaniyada humanitar elmlər sahəsində dissertasiya müdafiə edən ilk azərbaycanlıdır. “Xəzər hövzəsində enerji siyasəti və geosiyasi maraqlar” mövsuzunda kitabı alman dilində nəşr edilib.
Dünyanın 100 ən yaxşı universitetindən biri sayılan Berlin Azad Universitetində dərs deyib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair alman və ingilis dillərində 15 kitabın yazılması və nəşrini təmin edib. Alman və ingilis dillərində nəşr olunmuş “Şuşanın irsi” elmi monoqrafiyasının həmmüəllifidir.
R.Nəbiyev 20 ildən artıq diplomatik təcrübəsi var. Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb.
2022-ci ildən Xarici İşlər Nazirliyində İdarə rəisidir.
Ölkəmizin təqdimatına həsr edilmiş “2008 - Almaniyada Azərbaycan İli”nin Səfirlik üzrə Əlaqələndiricisi olub.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalına və bir sıra digər təltiflərə layiq görülüb.
Ailəlidir, iki övladı var.
İndi isə, icazənizlə, 49 saylı Abşeron İkinci Seçki Dairəsindən deputatlığa namizədin yuxarıdakı bioqrafiyasında qəsdən yer vermədiyim bir məqam üzərində xüsusi dayanım.
1990-cı illərdə BDU-nun Tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı məktəbin nəzdində Respublika Tarix Liseyi fəaliyyət göstərirdi. Liseyə Azərbaycanın dörd bir yanından tarix üzrə xüsusi istedada malik şagirdlər cəlb olunmuşdu və bu eksperimental məktəbdə sıradan orta məktəb dərsləri deyil, BDU-nun Tarix fakültəsinin proqramı tədris olunurdu. Rizvan Tarix Liseyində bizdən bir kurs yuxarıda- fars və alman dilləri tədris olunan III qrupda əla qiymətlərlə oxuyurdu. Günümüzün birinci hissəsi Liseydə, ikinci hissəsi isə, adətən, M.F.Axundov adına Milli Kitabxananın oxu zallarında keçərdi. Odur ki, bütün səmimiyyətimlə və əlimi vicdanıma qoyaraq deyirəm: Rizvan Nəbiyev bizim yaş nəsli üzrə ölkəmizdə ən təvazökar, ən vicdanlı, ən intellektual insanlarından biridir. Xarektercə dürüst, yanımcıl, xeyirxah, ardıcıl, kommunikativ şəxsdir.
49 saylı Abşeron İkinci Dairəsinin seçicilərinin onun tarix bilincinin, diplomatik təcrübəsinin və fərdi qayğıkeşliyinin fərqində olması lazımdır və zənnimcə, olacaqlar da!
Sosial şəbəkələr ölkəmizdə populizm xəstəliyi yayıb. Kim möhkəmdən çığırırsa, saatlarla elmdən, məntiqdən, peşəkarlıqdan uzaq "söhbət"lərlə özünü camaata "şirin" gösrtərirsə, bir çoxları məhz onu ictimai maraqlar baxımından faydalı hesab edir. Aqressiv sosial platforma istifadəçiləri ölkəmizin malik olduğu böyük kadr potensialını üzə çıxmağa, özünü təqdim etməyə, təmsilçilik şansı qazanmasına imkan vermək istəmir. Bu səbəbdən də sadə xalqın içindən çıxmış, erkən yaşlarında Azərbaycanın tarixi düşmənlərinin deportasiyasına məruz qalmış, öz zəhmətkeşliyi və çalışqanlığı ilə uğurlu diplomatik karyera qurmuş Rizvan Nəbiyev kimi namizədlərə mən şans kimi baxmağın tərəfdarıyam. Onun timsalında seçicilər üçün əlçatan bir namizədin Milli Məclisə seçilməsi ölkəmizin strateji maraqlarının təmin edilməsi baxımından da xalqımızın və dövlətimizin uğurlu deputat mandatı qazanması deməkdir.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru