Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dostluq, qardaşlıq münasibətləri və inkişaf etməkdə olan əməkdaşlıq əlaqələri mövcuddur
“Məlum olduğu kimi, Qazaxıstanda Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü keçirilib. Azərbaycanın da bu görüşlərə dəvət olunması heç şübhəsiz ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfərinin olması, eləcə də həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfər etməsi bir daha qeyd olunan fikri təsdiqləyir”.
Bunu “Reportyorinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir: “Bu gün cərəyan edən hadisələr bir daha qardaşlıq münasibətlərini isbat edir. Elə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və Mərkəzi Asiya ölkələrinin Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərinə dəstək olması bunu bir daha təsdiqləyir. Məhz, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Məsələn, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib”.
“Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır: “Onu da əlavə edək ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığa ilk addımdır”.