azia.az
azia.az

“Bizim üçün ən təhlükəli erməni məhz Qarabağda qalan ermənidir"

1-10-2023, 08:53

“Qarabağdan köçənlər bizə yox, Ermənistana problem olacaq”

“Qərb ölkələri təsəlli üçün onların sıxıntısına dair qərarlar çıxara bilər, geri dönüşə onları təşviq edə bilər, ancaq artıq bu geri qayıdışın Azərbaycan tərəfindən bir aydın cavabı olacaq...”
  "Bəzi dostlarımızın, vətəndaşlarımızın narahatçılığını anlayıram. Yazırlar ki, ermənilər bu cür kütləvi köç edirlərsə, bunun gerisi çox təhlükəli planın tərkib hissəsi ola bilər. Fikrimcə, bu cür narahatçılğa hansısa əsas yoxdur. Bizim üçün ən təhlükəli erməni məhz Qarabağda qalan ermənidir".
  Bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, öz siyasi təhlükəsizliyimiz üçün onların Qarabağda məhz Azərbaycan vətəndaşı olaraq rahat yaşamalarına anlayışla yanaşmalıyıq: "Bizə ancaq bu ermənilərin üzərindən hansısa təzyiqin olması mümkündür. Ermənistan hüdudlarına keçən ermənilərdən bizə qarşı hansısa yeni layihə cızmaları inandırıcı deyil. Əlbəttə, bu qədər itkiləri var, idealları, arzuları məhv olub, ağlayacaqlar, sızlayacaqlar, "soyqırım"dan, "etnik təmizləmə"dən dəm vuracaqlar. Ancaq bunu artıq Ermənistan vətəndaşları statusunda edəcəklər. Digər tərəfdən, bu ermənilər öz nifrət və qəzəbini bizdən çox, öz hökumətlərinə və fərqli hesab etdikləri yerli ermənilərə yönəldəcəklər. "Bizi niyə qorumadınız?" deyə onları ittiham edəcəklər. Yerli ermənilərin də cavabı bu olacaq ki, "sizə görə illərdir biz də adam kimi yaşaya bilmirik!". Bu isə cəmiyyətiçi qarşıdurmanı daha da kəskinləşdirəcək. Yəni bu qədər bəsit! Qərb ölkələri təsəlli üçün onların sıxıntısına dair qərarlar çıxara bilər, geri dönüşə onları təşviq edə bilər, ancaq artıq bu geri qayıdışın Azərbaycan tərəfindən bir aydın cavabı olacaq: "Nə fərqi var adam indi, yaxud da 35 il öncə yaşadığı evi tərk etsin, gəlin qarşılıqlı qayıdışı gerçəkləşdirək. Öncə 1988-ci ildə maşınsız, mülksüz, sənədsiz qovduğunuz azərbaycanlıları geri qaytaraq. Sizinkiləri biz maşınlar, mülklə, həm də könüllü yola salmışıq, rahatca müsahibə verərək özləri də bu faktı təsdiqləyiblər".
  Deputat vurğulayıb ki, hər sualın sərbəst və sərrast veriləcək bir cavabı var: "O halda təhlükə haradadır və kimlər yarada bilər? Sadəcə özümüz və özümüz. Duyğularına nəzarət edə bilməyən, özündə qalib xarakterini formalaşdırmayan birilərinin mətbuatda, diplomatiyada, orqanlarda, qalıb yaşamaq istəyən ermənilərlə münasibətlərdə, sosial şəbəkələrdə buraxdığı səhvlər, etdiyi çağırışlar, paylaşdığı materiallar təhlükə mənbəyi ola bilər. Rəşadətli, müzəffər ordusu olan bir xalq indi də düşmənlərə əleyhimizə istifadə etmək üçün əsas verməyən məsuliyyətli bir xalq kimi tarixi missiyasını yerinə yetirməlidir".







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi