“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu
Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı
İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.
Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, həmçinin ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.
Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur. Belə ki, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni quldurlarının 25 nəfər azərbaycanlının öldürülməsinə, xeyli insanın yaralanmasına və azərbaycanlıların deportasiya olunmasına səbəb olan soyqırım hadisəsinin bilavasitə iştirakçısı olmuş Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da onu bir daha göstərir ki, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaqdır. Bu məntəqənin yaradılması Ermənistan və onun havadarlarının böyük etirazları və beynəlxalq səviyyədə müxtəlif təhdidləri ilə qarşılandı. Sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəkləndi və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edildi.
Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Göründüyü kimi Azərbaycan qanun çərçivəsində addım ataraq öz sərhədlərinin təhlükəsizliyi və ərazi bütövlüyü naminə “Laçın” sərhəd-buraxılış məntəqəsini yaradıb. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.