"5% səs yığan namizədin tövsiyə verməsi… "
Seçkidə 5 faiz səs yığmış namizədin tövsiyələri qəbuledilməzdir.
Azia.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyədə keçirilən seçkilərin birinci turunda 5,17 faiz səs qazanaraq, proqnozları alt-üst edən və ikinci tur seçkilərində “açar” rolu oynayacaq fiqur kimi gündəmə gələn ATA İttifaqının namizədi Sinan Oğanın şərtləri barədə Musavat.com-a açıqlamasında deyib.
Politoloq qeyd edib ki, avtomatik şəkildə kiminsə kiməsə səs verməsi süni görünür:
“Bu baxımdan 5% səs qazanan namizədin seçicilərinin gələn dəfə kimə səs verəcəyi onun rəyindən asılı deyil. Beləliklə, Ərdoğanın ikinci turda qalib gələcəyi məndə şübhə doğurmur.
Təcrübəyə əsasən, koalisiyanı formalaşdırmaq hökumətə aiddir. Bu baxımdan koalisiya üzvləri bu və ya digər mövzulara hər hansı şərtlər irəli sürürlər. Prezident seçkilərində isə bu cür təcrübə tətbiq olunmur. Ona görə də Sinan Oğan barədə geniş diskussiyalar mənim üçün təəccüblüdür. Oğanın baxışlarının seçkilərə nə aidiyyəti var? Biz reallığa baxmalıyıq. Seçki kampaniyası başlayandan sonra namizəd hansısa mövqelər sərgiləyir, bəyanatlar verir. Onun əsasında seçicilər də ona səs verir.
Ərdoğan deyir ki, mən öz proqramıma uyğun olaraq fəaliyyətimi davam etdirəcəm. 5-10 faiz səs yığmış namizədin tövsiyələri təbii ki, qəbuledilməzdir”.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini bildirib, buna baxmayaraq, onunla ötən gün görüş keçirib.