azia.az
azia.az

Türkiyənin Azərbaycan siyasəti dəyişsə, nə baş verəcək? – Deputat

11-05-2023, 18:35

Türkiyədə həyəcanla gözlənilən seçkilər ərəfəsində namizədlərin səs-küy yaradan çıxışları, partiyaların açıqlamaları prosesi daha da qızışdırır. Xüsusilə Ədalət və İnkişaf Partiyasının (AKP) deyil, başqa bir partiyanın hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan və Türkiyə arasında münasibətlərə yenidən baxılacağı kimi məsələlər müzakirə edilir. Bəzi namizədlərin iki ölkə arasında son illərdə daha da inkişaf edən əlaqələrə, qardaşlıq münasibətlərinə kölgə salmaq niyyətinin olduğu da iddialar arasındadır.

Bəs belə bir şey mümkündürmü? Azərbaycan və Türkiyə arasında münasibətlərə məqsədli şəkildə zərər yetirilə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa iki ölkə arasındakı münasibətlərin tarixinə toxunub və Azərbaycan məsələsinin Türkiyənin xarici siyasətindəki vacib rolunu diqqətə çatdırıb:

“Son 30 ildə Azərbaycan və Türkiyə arasında münasibətlər bəzi dövrlərdə enişli-çıxışlı olsa da, ana trayektoriyadan yayınmayıb. Bu müddətdə Türkiyəyə rəhbərlik etmiş heç bir hökumətin zamanında belə bir hal mümkün olmayıb. İki ölkə arasındakı münasibətlərin ümumi istiqamətini dəyişəcək gücə sahib, yaxud da buna yol verə biləcək hansısa siyasətçi yoxdur. Amma Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövrdə bu əlaqələr daha aydın və birmənalı olaraq Azərbaycanı dəstəkləmək üzərində quruldu. Bəlkə sonrakı müddətdə hansısa qüvvələr ABŞ və Avropa Birliyini qıcıqlandırmayan, daha fərqli siyasi xətt izləyə bilərlər. Amma Azərbaycan, Türk dünyası məsələsini kənara qoymaq, gözardı etməkləri mümkün deyil. Bu, Türkiyənin ümumi strateji maraqlarına zidd addım olar.


Hakimiyyətə gələn bütün qüvvələr sistemə tabedir, ondan kənara çıxmayacaqlar. Heç bir qüvvə dövlətin strateji maraqları ilə uzlaşmayan addımlar atmağa cəhd etməz. Bu baxımdan iki ölkə arasında münasibətlərə zərər gəlməsi ilə bağlı hər hansı təhlükənin olduğunu düşünmürəm. Amma bütün hallarda Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə Rəcəb Tayyib Ərdoğan qədər Azərbaycana dəstək verəcək hansısa lider də görmürəm. Hesab edirəm ki, 44 günlük müharibədə Türkiyənin Azərbaycana dəstəyində dövlət siyasətindən daha üstün şəxsi iradə rol oynadı. Bu da bizim tarixi zəfərimizə ciddi şəkildə yansıdı”.

Qeyd edək ki, Türkiyədə mayın 14-ü prezident və parlament seçkiləri keçiriləcək.

Ayşən Mustafa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi