azia.az
azia.az

Xomeyni türmədən Kennediyə bu məktubu yazmışdı

21-02-2023, 09:34

Yazıçı Eluca Atalının Kult.az-a müsahibəsini təqdim edirik:

- Əslən Şimali azərbaycanlı olsanız da, yaradıcılığınızda Cənubi Azərbaycana geniş yer ayırmısınız. Səbəb nədir?

- Asif Atanın Ruhani İntibah ideyasındakı üçüncü ideya Müstəqil Vətəndir. Müstəqilliyi biz Bütöv Azərbaycanda, vətənin bütövləşməsində görürük. Ata deyir: "Ən yaxşı halda kağız üzərində olsa belə, bu gün müstəqilliyimiz elan olunub. Amma əsl müstəqillik siyasi, iqtisadi asıllılıqdan qurtarmaqdır. Bu da Güneyin Quzeylə birləşəcəyi an baş verəcək". Eyni zamanda Ata Qarabağın da biryolluq həllini Azərbaycanın birləşməsində görür. "Erməni ruhani gücdən qorxan deyil, ona 50 milyonluq azərbaycanlı təpiyi lazımdır", - deyirdi. Bir Ata Övladı kimi Vətənim Azərbaycanın bütövlüyünə və bütövlüyündən doğan yenilməzliyinə, tək qələmimi yox, ömrümü səfərbər etmişəm.

- "İran Hizbullah zindanında" əsəri tarixi həqiqətlərdən bəhrələnib. Ümumi yaradıcılığınızın, həmçinin əsərlərinizin janrı barədə qısa məlumat verərdiniz.

- Əsər İranda İslam İnqilabının qələbəsi, onun labüdlüyü, "inqilabı kim etdi, niyə etdi, bunda məqsəd və məram nə idi" kimi suallara bədii formada cavab verir. Əvvəla, deyim ki, romanda inqilabın İrana, biz türklərə, farsların özünə, bu regionda yaşayan millətlərə və eyni zamanda, bəşərə gətirdiyi faciədən bəhs edilir. Bir tarixi qələbə üçün minlərin ölməsi adi haldır, təki qələbə olsun, hamı qələbə naminə ölür. Bu, dövlətin insana baxışıdır. Amma ailədən bir nəfərin ölməsi ailə üçün böyük faciədir, çünki insan yaxınını, doğmasını, əvəzedilməzini itirir. Romanda insana dövləti baxış xomeynizm ideologiyasında canlandırılır, əsl insani baxış isə Allahkərim kişinin edam olunan qızı Fatmanın zindana düşməsində aşkarlanır. "İnqilab öz övladlarını yeyir" aksiomasını ayrı-ayrı hadisələrdə hekayətlər formasında qələmə almışam. Tarixi faktlara fəhmin gözü ilə baxıb yazmışam, milli və insani mövqeyim burda əsas rol oynayıb. Bir də elə çıxmasın ki, bizim üçün molla rejimi pisdir, şah və ya xalq mücahidləri, kommunistlər hakimiyyətdə olsaydılar, daha yaxşı olardı. Kommunistlərin kim olduqlarını zatən 70 il imperiya daxilində yaşayarkən görmüşük. İmperiya daxilində yaşamaq qul kimi yaşamaqdır, bir az da obrazlı desək, mədəni qul, yəni, zənciri qolunda yox, beynində olan, manqurtlaşmış biri. Bundan artıq demirəm, çünki bizim oxucuların xüsusi səviyyəsi var, onlar artıq anladılar mən nə demək istəyirəm.

İzhar, fəlsəfi-bədii miniatür, hekayə, nağıl, mənsur şeir, esse, roman, dram və s. janrlarda yazıram. Fəlsəfi-bədii miniatür janrı sırf öz yaratdığım janrdır, adını Asif Ata verib. Bu janrda yazanda özümü daha məsuliyyətli hiss edirəm, bəlkə də janrın tələbi fikirçilik yönündən irəli gəlir, ya nədirsə, mənə çox doğmadır. Hazırda "Düşüncələr" adlı bir kitab üzərində çalışıram ki, bu janrdadır və bir az da xüsusi hazırlıqlı oxucular üçün nəzərdə tutmuşam.

- Son kitabınızda İslam İnqilabının gətirdiyi fəlakətlərdən danışırsınız. Fəlakətin ssenari müəllifləri kimlərdir və onlar gedişatın bugünkü məcraya gələcəyini proqnozlaşdırmışdılarmı?

- Belə bir fikir var: "İnqilab ideyasını mütəfəkkirlər ortaya atır, fırıldaqçılar isə ondan bəhrələnirlər". Dini dövlət ideyası nə Ayətullah Xomeyninin, nə də Amerikanın idi. Zatən, Xomeynidə ideya icad edəcək beyin də yox idi. Təsəvvür edin ki, İslam İnqilabı qələbə çaldığı ilk günlərdə xarici jurnalist bundan soruşur ki: "İqtisadiyyat haqda fikriniz nədir?" Cavabında deyir: "İqtisadiyyat eşşəyinkidir!" Siz özünüz düşünün, bu beyin sahibi inqilab ideyasını və gerçəkləşməsini necə planlaşdıra bilərdi? Xomeyni və inqilab mövzusuna son qoymaq üçün bir məsələni də deyim, bütün günü təsbeh çevirib, zikr edən beyin köhnəni dağıda bilməz. Zikr təkrardır, inqilab etmək üçün köhnəni dağıdıb, yenini onun yerində qurursan. İnqilablar köhnənin təkrarı oldu, yeni cəmiyyət yaratdılar, lakin insanı dəyişmədilər. Yalnız quruluş dəyişdi və köhnə təfəkkürlü insanlar yeni quruluşu idarə etdilər. Dini dövlət ideyası sosioloq Əli Şəriətinin idi. O, İranda dini dövlətin yaranmasını istəyirdi, şah rejiminə qarşıydı, şah onu zindana atmışdı, universitetdə dərs deməyinə izn vermirdi, əsərlərinin çapına qadağa qoymuşdu. Lakin Şəriəti Qərblə işbirliyinin tərəfdarı deyildi. Hardasa, Müsəddiq kimi neftin ve sənayenin milliləşməsinin tərəfdarı idi. O, Qərbin işğalçılıq siyasətini yaxşı anlayırdı, İngiltərədə təhsil almışdı, Jan-Pol Sartrla dost idi, Sartr onu "Şərqin Marksı" hesab edirdi. Göründüyü kimi, inqilab ssenarisinin müəllifi Ağ Ev idi və inqilabın gerçəkləşməsi üçün fanatik molla onlara gərək idi, onu da Xomeyninin simasında görürdülər. Qeyd edim ki, Xomeyni hələ 1962-ci ildə Məhəmmədrza Pəhləvinin Ağ İnqilabına qarşı duran zaman şah zindanına atıldıqdan sonra ABŞ Prezidenti Con Kennediyə Ağ Evlə işləməyə hazır olduğunu bildirir.

Qaldı, inqilabın sonucu, sizin dediyiniz kimi, bu günlə bağlı olan hissəsinə. Nə inqilab toxumunu İrana səpənləri, nə də hakimiyyətə gələnləri kütlə düşündürür. "Vampir", "İrarəetmə təlimləri" kimi romandakı bir çox bölmələrdə bunları izah etmişəm. Xomeyni xalqın fəlakətindən bəhrələnib, hakimiyyətə gəldi, xalq şah rejimindən, ölkənin talanmasından cana doymuşdu, Xomeyni isə vədlərlə onu aldatdı. Kütlə 40 il sonranı görməz, bunu ziyalı görər. İran aydınları isə ölkəni kütləvi tərk etdilər. Bir qismi zindanlarda çürüdü, qalanı isə susub boyunduruğa girdi.

- Xomeynizm terminindən danışardınız...

- İslam İnqilabını bu günə qədər yaşadan xomeynizmdir. Bu termini izah etmək üçün ilk başdan deməliyik, xomeynizmin canında qorxu və nifrət gizlənib. Xomeynizm 3 əsas haldır: Birinci, elm adamlarının vəzifədən götürülüb, onların yerinə iman adamlarını, fanatikləri yerləşdirmək. Təsəvvür edin ki, İran ordusunun rəhbəri general Qasım Süleymani cəmi 4 sinif bitirmişdi, Lacivərdi İslam İnqilab məhkəməsinin sədri idi, cəmi 6 sinif təhsili vardı və s.

İkinci hal Xomeyninin zindana baxışı idi. O deyirdi: "Zindanlar şəfaxanadır, məhbuslar da xəstə. Sağalmaları üçün onlar zindana atılırlar. Cəmiyyətdən təcrid edilirlər ki, bundan artıq cinayət etməsinlər". Xomeyni deyirdi, xoş o məhbusun halına ki, işgəncə altında ölür, onun daha günah etmək şansı yoxdur.

Xomeynizmin üçüncü cəhəti qadına münasibətdir. Hələ 1962-ci ildə Pəhləvinin Ağ İnqilabında qadına səsvermə haqqı təyin edilmişdi. Bu zaman Xomeyni şaha məktub yazıb, "qadının seçib-seçilmək haqqı ola bilməz, çünki onun beyni toyuq beynidir" deyirdi. Onun üçün qadın yalnız cinsi münasibətlərdə alət idi, bunu da romanda qədərincə izah etmişəm.

- Bir çoxları belə hesab edir ki, İran bu gün inqilabın eşiyindədir. Qeydlərinizdə isə inqilabların insan yetişdirmədiyini bildirirsiniz. Bugünkü İranı, xalqların müqəddəratı ilə bağlı düşüncələrinizi bölüşərdiniz...

- İslam İnqilabının taxtda oturtduqları artıq köhnə qaydalarla dövləti idarə edə bilmirlər. İstər iqtisadi, istərsə də siyasi baxımdan kütlənin tələblərini ödəmirlər. XXI əsrdə VII əsrin tələbləri ilə kütləni idarə etmək absurddur, cəfəngdir. Həm də nəzərə alsaq ki, İran cəmiyyətində gənclik üstünlük təşkil edir və bütün dövrlərdə gənclik köhnəliyə boyun əymir, yenilik tələb edir - həm cəmiyyətdə, həm də insana baxışda. Zikirçiliklə məşğul olan molla rejimi bunu verməyə və özünü dəyişməyə qadir deyil.

Xalqların müqəddəratı məsələsinə gəldikdə, İran imperiyadır. İmperiyanınsa öz qanunları var, bir millət hakim olur, digər millətlərin əməyi, beyni ona xidmət edir. Yəni qul təfəkkürü. İmperiya sahibi sənə özünü quldar kimi yox, bir ata, valideyn kimi təqdim edir və inandırır ki, o olmasa, səni didib-parçalayarlar. 30 il bundan qabaq rus imperiyasının tərkibindən çıxanda sübut etdik ki, özümüz özümüzü idarə etməyə qadirik. Güneydə də, həmçinin 1946-cı ildə Məhəmmədrza Pəhləvinin öz qanında boğduğu Milli hökumətimiz bərpa edilməlidir.

- Güneyin müstəqilliyi və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi mümkündürmü?

- Əlbəttə, mümkündür! Əks halda, əlimə qələm alıb, bu əsəri yazmazdım. İstədim ki, oxucular tarixlərini yaxşı bilsinlər, özlərinə güvənsinlər, kimliklərini, nəyə qadir olduqlarını anlasınlar. Tarixi hadisə oldu, keçdi deyil, tarixi hadisənin aparıcı qüvvəsi insandır, xalqdır. Bunu mübarizədə olanlarımız öyrənməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi