Deputat Milli Məclisdə: “Kişilər evdə danışa bilmirlər, qoy burada danışsınlar"
““Siyasi partiyalar haqqında” yeni qanunda gender bərabərliyinə dair kvota olmalıdır”.
Azia.az xəbər verir ki, belə bir təkliflə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu çıxış edib.
O, dinləmələrdə iştirak edən üç qadın deputata da söz verilməməsini gender bərabərliyi ilə əlaqələndirib: “Siz ancaq kişi deputatlara söz verdiniz. Mən gender bərabərliyindən danışarkən bunu nəzərdə tuturam”.
Buna cavab olaraq Milli Məclisin sədr müavini Fəzail İbrahimli qeyd edib ki, kişilər evdə danışa bilmir: “Burda söz verdim ki, qoy onlar danışsınlar”.
Novella Cəfəroğlu daha sonra bildirib ki, hazırda kişilər daha çox danışır, qadınlar isə işləyir: “Kvota məsələsi çox vacibdir. Parlament, bələdiyyə - bütün seçkilərdə qadınlar üçün imkan daxilində kvota olsun”.
O, həmçinin xatırladıb ki, hazırda ABŞ-da 38 siyasi partiya var:
“Onlardan cəmi ikisi – Respublikaçılar və Demokratlar Partiyası seçkilərdə iştirak edir. Mən istəyirəm ki, Azərbaycanda prezident, dövlət strukturları keçirilən seçkilərdə iki partiya olsun. O biri partiyalar birləşsinlər, nə edirlər- etsinlər. Digər partiyalar təhsil, ekologiya və digər sahələrdə də işləyə bilər”.(qafqazinfo)