“Laçın dəhlizinə nəzarəti təmin etməliyik” — Deputat
“Ermənilərin Laçın dəhlizi vasitəsilə silah-sursat daşınması barədə məlumatları mən də sosial şəbəkələrdən oxumuşam. Mövcud vəziyyəti nəzərə almaqla, istisna etmirəm ki, belə hallar baş verir. Çünki, müharibədən iki ilə yaxın bir müddət keçməsinə rəğmən, Qarabağ ərazisindən hələ də silahlı dəstələr çıxarılmamışdır. Müharibəyə hazırlıq çağırışları səsləndirilməkdədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
“Rusiya sülhməramlıları öz təyinatlarından kənar fəaliyyətlə məşğuldurlar. Belə halların qarşısını almaq üçün nə etmək lazımdır? Düşünürəm ki, nəyin bahasına olursa-olsun Laçın dəhlizinə nəzarəti ələ keçirməliyik. Tam şəkildə mümkün olmasa belə, ruslarla birlikdə müştərək nəzarət mexanizmi tətbiq olunmalıdır. Yalnız o halda, Qarabağa və yaxud əks istiqamətdə daşınan yüklər barədə müfəssəl məlumat əldə edə bilərik. Əks halda, hiyləgər ermənilər rusları müxtəlif vasitələrlə şirnikləndirməklə, istədikləri silahları ala bilər və Azərbaycan ərazisinə keçirə bilərlər. Digər variant isə danışıqlar yoludur. Əgər Ermənistanla sülh müqaviləsini imzalamaq mümkün olsa, bir çox məsələlər, o cümlədən silahlanma məsələsi həllini tapa bilər. Hələlik yeganə variant Laçın dəhlizinə nəzarəti təmin etməliyik”.