Xəbər verdiyimiz kimi, Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. son 7 il ərzində bu vəzifədə çalışmış sabiq gənclər və idman naziri, mərhum Azad Rəhimovun oğlu Arif Rəhimov vəzifəsindən azad olunub. Onun yerinə Maqsud Fərzullayev icraçı direktor təyin edilib.
Qaynarinfo xəbər verir ki, Maqsud Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. O, Avropa Oyunları, İslam Oyunları və Formula 1 Qran-prisində təşkilat komitəsinin tərkibində yer alıb.
Qeyd edək ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb. Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.