“Azərbaycanın adekvat və sərt addımlarının şahidi olacağıq” — Oqtay Qasımov
“Erməni milyarder Ruben Vardanyanın Qarabağa gəlməsi, Rusiya sülhməramlıların məsuliyyətidir. Çünki onlar Azərbaycan ərazisinə hər adamı buraxmalı deyillər, amma onların formal istinad etdikləri məsələ 10 noyabr anlaşamasıdır. Bu anlaşamaya görə, Ermənistan və Rusiya vətəndaşları Qarabağ ərazisinə gəlib-getmə imkanına sahibdirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, Vardanyanın Qarabağa gəlişindən sonra orada müəyyən revanşist fikirlərin səslənməsi, müəyyən cəhdlərin, müəyyən qədər gərginliklərin olması Azərbaycanın diqqət mərkəzindədir:
Ətraflı
“Azərbaycan təbii ki, bu məsələlərlə bağlı Rusiya tərəfinə suallar ünvanlayır. Eyni zamanda, bu məsələ bir daha Laçın yolu ilə bağlı məsələni yenidən diqqət mərkəzində gətirir. Belə ki, artıq o fikir formalaşmağa və hakim kəsilməyə başlayır ki, Azərbaycan da Ermənitanın Laçınla sərhəddində, həmin Laçın yolunda sərhəddəki hissəsində sərhəd və gömrük keçid məntəqələrinin nə zamansa, qurmalıdır. Düşünürəm ki, bu, qurulacaq. Çünki bu daha çox Zəngəzur dəhlizi ilə bağlı məsələ ilə əlaqələndirilir. Çünki Azərbaycan dövlət başçısı da, xatırlayırsınızsa, keçən ilin dekabrında Brüsseldə verdiyi açıqlamada qeyd etmişdi ki, Azərbaycan Zəngəzur dəhlizinə eyni Laçın yoluna verilən statusun verilməsini tələb edir. Əgər bu, verilməyəcəksə, o zaman Zəngəzur dəhlizinə hansı status, hansı şərtlər tətbiq olunacaqsa, eyni status və şərtlər də Laçın yolunda tətbiq olunacaq”.
O.Qasımov bildirib ki, Rusiyanın əsas istəyi burada, yəni özünün nəzarətində olan müəyyən qədər idarə olunan gərginlik qalsın və Rusiyanın buradakı iştirakına ehtiyac qalmaqda davam etsin, o da burada mövcudluğunu saxlasın:
“Ermənistanın burada niyyəti isə mümkün qədər prosesləri uzatmaq və özünə uyğun şərtlərin formalaşmasını gözləmək niyyəti güdür. O ki, qaldı proseslərin 80-ci illərin sonu, 90-cı illərin əvvələrinə döndərmək cəhdi, bu mümkün olan vəziyyət deyil. Çünki əvvəla nə Azərbaycan o dövrün Azərbaycanı deyil, nə regional vəziyyət, yəni Cənubi Qafqazdakı yaranmış durum o vəziyyət deyil. Çünki 44 günlük savaşdan sonra Azərbaycan yeni reallıqlar yaratdı və özünün 30 ilə yaxın müddətdə işğalda olan torpaqlarını öz gücünə azad etdi və BMT qərarlarını icra etdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, beynəlxalq şərait də o dövrün şəraitinə uyğun deyil, tamamilə fərqli şərait yaranıb. Qeyd etdiyimiz kimi, artıq Azərbaycan 44 günlük savaşdan sonra yeni reallıqlar yaradaraq, bu reallıqları beynəlxalq güclərə də qəbul etdirmək istiqamətində ardıcıl addımlar atır. Beynəlxalq şəraitdə hal-hazırda Ermənistanın lehinə deyil, Azərbaycanın artan həm iqtisadi, həm hərbi qüdrəti, eyni zamanda geopolitik əhəmiyyəti qəbul olunur”.
“Azərbaycan Avropanın əsas enerji daşıyıclarını təmin edən ölkə kimi də rolu artıb və xatırlayırısnızsa, iyun ayının ortalarında Azərbaycan və Avropa Birliyi arasında enerji sahəsində strateji tərəfdaşlıq müqaviləsi də imzalanıb. O baxımdan, o dövrlə indiki dövrün müqayisə edilməsinin tərəfdarı deyiləm. tamamilə şərtlər fərqlidir. O ki, qaldı Ruben Vardanyanın Qarabağdakı fəaliyyətinə, əlbəttə ki, Azərbaycan bunu diqqətlə izləyir və onun Azərbaycan əleyhinə hansısa bir addım atacağı təqdirdə, Azərbaycanın adekvat və sərt addımlarının bizi şahidi olacağıq”, - deyə, politoloq sonda qeyd edib.