Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."
"Laçının Azərbaycanın nəzarətinə qayıtması dövlətimizin beynəlxalq hüququ bütün inzibati ərazilərində bərpa etməsi məqsədinin növbəti mərhələsidir. Bundan sonrakı hədəf isə Xocalı və Xocavənd rayonlarının Azərbaycanın nəzarətinə olmayan hissəsi ilə Xankəndi olacaq. Qarşıdakı 3 il ərzində bu proses tamamilə yekunlaşacaq".
Bu fikirləri politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib.
O qeyd edib ki, Laçının işğaldan azad olunması ilə bağlı 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda əksini tapan məqamlar vardı:
"Aradan keçən 2 ilə yaxın vaxt ərzində ermənilər müəyyən bir status-kvonun formalaşacağını fikirləşirdilər. Lakin Bəyanatın bəndlərinin həyata keçirilməsi qismən geciksə də, icra olundu və Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu.
Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Ümumiyyətlə, Laçının azad olunması konflikt bitdikdən sonra yerdə qalan siyasi və diplomatik yollarla uğurlu bir tənzimləmə mərhələsidir. Laçının diplomatik yolla azad edilməsi demoqrafik, iqtisadi və digər məsələlərlə faciələrin qarşısının alınmasında müsbət bir addımdır".
Politoloq əlavə edib ki, ermənilərin Laçın dəhlizi adlanan ərazidə aktiv məskunlaşmasının müəyyən səbəbləri var idi:
"Həmin bölgə Avropa və Asiya daşınmalarında çox vacib keçidlərdən biridir. Avropa-Asiya və Asiya-Yaxın Şərq arasında 2 mühüm keçid var. Onlardan biri Gəncədə, digəri isə Laçındadır. Artıq şükürlər olsun ki, onlardan ikincisi də Azərbaycanın nəzarətindədir. Bu, bizə kommunikasiyalarda çox geniş imkanlar verəcək.
Ermənistan xaricdən aldığı maliyyə dəstəyi ilə Laçın şəhəri, Zabux və Sus kəndlərində erməniləri qeyri-qanuni olaraq məskunlaşdırmışdı. Amma bundan sonra Qarabağda ancaq legitim əsaslarla yaşayan vətəndaşlar və ailə üzvləri qala biləcəklər".
Yeganə Hacıyeva bildirib ki, Laçının azad olunması ilə narahat olan şəhid ruhları da təskinlik tapdı:
"Əminəm ki, Laçında şəhid olanların, orada basdırılanların və o torpağın sahiblərinin artıq ruhları şaddır. Həmçinin, yenidən Laçına qayıtmağımız bütün Azərbaycan xalqı üçün mənəvi bir təmizlənmə və paklanma mərhələsidir. Bu, bizim millət olaraq bütövləşməyimizə, saflaşmağımıza və ruhumuzun güclənməsinə səbəb oldu. Çünki 30 ilə yaxın idi bizim ruhumuz işğal olunmuş torpaqlarımızda məhbusluq həyatı yaşayırdı.
Biz buna görə 30 il ərzində təkcə xalq olaraq deyil, fərd olaraq da depressiya yaşadıq. Amma Allaha şükürlər olsun ki, biz bu mərhələləri keçdik. Artıq bu nisgilli illəri geridə qoyduq və irəlidə bizi çox gözəl günlər gözləyir. İnanıram ki, biz irəli mərhələlərdə biz çox böyük uğurlara imza atacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin!"