Səfir: “Bişkek İlham Əliyevi qarşılamağa hazırlaşır”
Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonalıyev Bakıdakı diplomatik missiyasının bir illiyini qeyd edir.
Bu münasibətlə Publika.az-ın əməkdaşının cənab Osmonaliyevdən aldığı müsahibəni izləyicilərimizə təqdim edirik:
- Cənab səfir, bir il arxada qaldı. İstərdik ki, ilk növbədə səfirliyinizin əldə etdiyi uğurlardan danışasınız...
- Ötən bir il ərzində Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətlərin “hərarəti”, belə demək mümkünsə, “sərin”dən “isti”yə qalxıb. Bizim üçün ən önəmli hadisə isə cari ilin aprelində prezidentimiz Sadır Japarovun Azərbaycana rəsmi səfərinin təşkili oldu. Bu səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərə çox güclü impuls verdi. Qırğızıstan dövlətinin başçısının Azərbaycana sonuncu rəsmi səfəri 10 il bundan əvvəl baş tutmuşdu. Yeri gəmişkən, qeyd edim ki, yaxın dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana cavab səfəri gözənilir. Bu səfərin statusu ən ali - dövlət səviyyəsindədir.
- Bəs, nazirlərinizin, digər rəsmi şəxslərin Bakıya səfərləri olubmu?
- Bəli, olub. Son bir ildə Qırğızıstan Nazirlər Kabinetinin bir neçə üzvünün, parlamentimizin iki vitse-spikerinin, eləcə də Baş prokurorumuzun Azərbaycana rəsmi səfərləri təşkil edilib. Onu da deyim ki, Milli Məslisinizin sədri Sahibə xanım Qafarova da ölkəmizdə rəsmi ziyarətdə olub.
- Bu həftə Bakıda Azərbaycan və Qırğızıstan arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrə dair hökumətlərarası komissiyanın iclası keçirildi. Zəhmət olmasa, bu tədbir barədə danışardınız...
- Bu tədbir düz üçillik fasilədən sonra keçirildi. Ölkələrimiz arasında strateji əməkdaşlıq münasibətlərinin qurulmasına dair Bəyannamə və iki ölkənin dövlət başçıları yanında Məşvərət Şurasının yaradılması ilə bağlı Memorandum imzalandı. Bu sıraya hökumətlərarası və müəssisələrarası 11 razılaşma və memorandumu da əlavə etməliyik.
- Maraqlıdır, bu bir ildə şəxsi planda hansı uğurlarınız olub?
- Şəxsən özümə gəldikdə, səfir kimi Etimadnaməmi cənab Prezidentə təqdim edəndən sonra Azərbaycan hökumətinin aparıcı vəzifəli şəxsləri ilə görüşlər keçirdim. Milli Məslisin spikeri, bir çox nazirlər və onların müavinləri, fəaliyyəti bizim üçün prioritet sayılan agentlik və müəssisələrin rəhbərləri ilə səmimi görüşlərimiz oldu. Bundan savayı, cari ilin fevral ayında mən eyni zamanda iqamətgahı Bakıda yerləşməklə Qırğızıstanın Gürcüstandakı səfiri vəzifəsinə də təyin edilmişəm. İyun ayında səfir kimi Etimadnaməmi Gürcüstan prezidentinə təqdim elədim və Tbilisidə və Batumidə bu ölkənin aparıcı vəzifəli şəxsləri ilə görüşdüm. Hesab edirəm ki, Azərbaycana yola düşməzdən əvvəl ölkəmin rəhbərliyinin mənim qarşımda qoyduğu əsas vəzifələri bütövlükdə yerinə yetirmişəm, hətta bəzi mövqelər üzrə daha irəli getmişəm...
- Sizə diplomatik fəaliyyətinizdə daha böyük uğurlar diləyirik.
- Təşəkkür edirəm.
Əli Məmmədov