Azərbaycan neft hasilatının azaldılmasını dəstəkləməyə hazırdır
Azərbaycan OPEK və təşkilata daxil olmayan ölkələrin neftin hasilatına dair qərarı qəbul etdikləri halda, neft hasilatının azaldılmasına dair qərarı dəstəkləməyə hazırdır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda bildirib.
“Biz neft hasilatını sutkada 35 min barelə qədər azaltmaq öhdəçiliyini qəbul etmişik. Bu öhdəçilik yerinə yetiriləcək. Proses artıq başlayıb. Biz OPEK və qeyri-OPEK iclaslarına dəvət edilmişik və iştirak etmişik və öhdəçiliklərimizi yerinə yetiririk”, - İlham Əliyev deyib.
“Hələlik hasilatı 35 min barelə qədər azaltmışıq, sonrasına baxarıq. Əgər hasilatın azaldılmasına dair əlavə qərar qəbul edilərsə, təbii ki, dəstəkləyəcəyik, çünki bütün ölkələrin bu prosesdə səmimi iştirak etməsi ilə həmrəyik”, - o əlavə edib.
Qəbul edilən qərarların uzadılması imkanlarına dair suala cavab verərkən İlham Əliyev deyib: “Bu, əvvəlki qərarın yerinə yetirilməsi nəticələrinə və qiymətin müəyyənləşdirilməsi dinamikasına görə qərar alınacaq. Əgər qiymət sabitləşərsə, düşünürəm, gələcəkdə hasilatı azaltmaq ehtiyacı olmayacaq”.
2016-cı il noyabrın 30-da OPEK bazarda qiymətin sabitləşdirilməsi üçün hasilatın 1,2 milyon barelə qədər azaldılmasına dair qərar qəbul edib. Dekabrın 10-da Vyanada keçirilən görüşdə OPEK-ə daxil olmayan ölkələr hasilatın 558 min barelə qədər azaldılmasına dair razılığa gəliblər. Saziş vaxtının uzadılması imkanı 2017-ci ilin ilk yarımilliyi üçün nəzərdə tutulub.
Yanvarın 21-22-də Vyanada neft hasilatının azaldılması haqqında razılaşmaya dair monitorinq üzrə Komitənin iclası planlaşdırılır. Komitəyə Rusiya, Oman, Venesuela, Küveyt və Əlcəzair daxildir. Komitəyə Rusiya və Küveyt başçılıq edir.