Ərdoğan və Nazarbayevin Qarabağ PLANI: Ermənistan xəritədən silinəcək
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bu il hansı məcrada davam edəcəyi, ümumiyyətlə olub-olmayacağı şübhə altındadır.
Publika.az xəbər verir ki, ermənipərəst mövqeyi ilə tanınan rusiyalı şərhçi Stanislav Tasarovun açıqlaması bu kontekstdə diqqət çəkir.
Tasarov deyir ki, Türkiyə 2017-ci ildə Qafqaz siyasətini aktivləşdirəcək və bu işdə ona Qazaxıstan yardımçı olacaq.
“Yeni ilin başlanğıcında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqladı ki, yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli sammiti keçiriləcək. O, həmçinin, Bakı-Ankara-Astana formatının üzərində də iş aparıldığını qeyd etdi. Türkiyə bununla həm Orta Asiyada, həm də Qafqazda aktivləşməyi planlaşdırır. Təbii ki, Yaxın Şərqdə faktiki olaraq Rusiya ilə birgə hərəkət edir və yaxın günlərdə Astana zirvəsinin keçiriləcəyi gözlənilir. Qazaxıstanda Suriya münaqişəsi müzakirə olunacaq. Ankaranın niyyəti var ki, gələcəkdə bu formatda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də gündəmə gəlsin. Türkiyə xarici siyasət rəhbərliyi açıqladı ki, 2017-ci ildə Qafqazdakı dondurulmuş münaqişələrin həllinə çalışacaq. Təbii ki, türklər ilk növbədə Dağlıq Qarabağı nəzərdə tutur. Bu məsələdə Ərdoğana Nazarbayevin də yardım edəcəyi gözləniləndir. MDB-nin ağsaqqalının Bakıya yaxınlığı isə artıq təkzibolunmaz faktdır”, - deyə o bildirib.
Erməni politoloq İqor Muradyanın açıqlaması isə danışıqlar prosesində baş verənlər baxımından maraqlıdır. Muradyan deyir ki, danışıqların arxa planında Ermənistanın mövqeyi nəzərə alınmır.
“Ermənistan hakimiyyəti Qarabağ üzrə güzəştin mümkün hüdudlarını açıqlayıb. Yəni, Qarabağı Azərbaycanın tərkibində görmək istəmir. Lakin biz arxada həqiqətən belə olduğunu deyə bilmirik. Çünki Serj Sarkisyanın bəyanat vermək, yaxud seçim etmək qabiliyyəti yoxdur. Danışıqlarda Ermənistanın mövqeyi nəzərə alınmır. Ermənistanda savadsız diplomatlar və hər cür qeyri-hökumət təşkilatları yaxşı ödəniş qarşılığında bu məsələ ilə məşğul olurlar. Lakin ABŞ hazırda durğunluq dövründən çıxır və aktivləşir. Tamamilə yeni aktiv xarici siyasət gözlənilir. Anti-Amerika mövqeyi tutan ölkələrin gələcəyi yaxşı olmayacaq. O cümlədən, Ermənistan öz patronu Rusiya ilə birlikdə dağılacaq”, - deyə o bildirib.
Asif