Qarabağda qanlı toqquşma: Bakının müdaxiləsi qaçılmaz olacaq
Xankəndidəki separatçı-terrorçu rejimin “rəhbəri” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib.
İclasda separatçılar “daxili təhlükəsizlik” məsələlərini müzakirə ediblər.
Müharibədən sonra Qarabağda qalan separatçı tör-töküntülər Bakının mümkün anti-terror əməliyyatı qorxusu ilə yaşayırlar. Bu baxımdan keçirilən iclas, “təhlükəsizlik tədbirlərinin” artırılması buna hesablanıb.
Lakin bu dəfə diqqətçəkən məqamlardan biri “qanunsuz silah dövriyyəsi”, “cinayətkar qruplara” qarşı tədbirlərin artırılmasıdır. Həmçinin, “ictimai asayişi” pozan, “anti-sosial həyat tərzi” keçirən şəxslərin müəyyən edilməsi kimi məsələlər gündəmdə olub.
Bu, daha çox Ermənistanda baş verən aksiyalar fonunda diqqət çəkir. Revanşistlərin “Qarabağ tələbi” ilə aprel ayında başladığı aksiyalar davam edir. İndiyə qədər küçə etirazları ilə nəticə əldə edə bilməyən keçmiş “Qarabağ klanı”nın 1998-ci il ssenarisini təkrarlayacağı, Paşinyana qarşı silahlı qiyama başlayacağı ehtimalları da istisna deyil. Qarabağ münaqişəsinin həll edilməsinə razılıq verən Levon Ter-Petrosyanı 1998-ci ildə devirərək, Ermənistanda hakimiyyətə gələnlərin Paşinyanı devirmək üçün də Qarabağdan hərəkətə keçə biləcəyi gözləntiləri var. Ötən ay “Qarabağ klanı”nın üzvü, “general-mayor” Samvel Karapetyanın Xankəndidə silahlı toqquşma yaratması da bu versiyanı aktuallaşdırdı. Bununla yanaşı, İrəvandakı aksiyalar artıq Xankəndidə də keçirilir. Ermənistan müxalifəti Xankəndidə “Qarabağ klanı”nın qalan tör-töküntüləri ilə təmasları sıxlaşdırıb. İstisna deyil ki, keçmiş “Qarabağ klanı” Xankəndidə separatçı rejimi ələ keçirmək, daha sonra İrəvanda hakimiyyətə yiyələnməyi planlaşdırır.
Baş separatçı Araikin “daxili təhlükəsizlik” tədbirlərini artırması, “ictimai asayişi” pozan şəxslərin müəyyən edilməsi tapşırığı da bundan qaynaqlanır. Baş verənlər Qarabağda ermənilər arasında toqquşmanın başlayacağından xəbər verir və istisna deyil ki, qanlı qarşıdurmalar olacaq.
Separatçı rejimin ələ keçirilməsi uğrunda mübarizə Bakının bölgə üzərindəki planları fonunda da sərfəlidir.
Birincisi, onsuz da çətin vəziyyətdə olan separatçı-terrorçu rejim daha da zəifləyəcək;
İkincisi, Qarabağdakı ermənilərin terrorçu rejimə olan inamı daha da azalacaq və mümkündür ki, bölgəni tərk edənlərin sayı daha da çoxalacaq;
Üçüncüsü, Azərbaycan Xankəndidə gözlənilən mümkün qanlı toqquşmaya “ictimai asayişin bərpa” edilməsi, “erməni vətəndaşların təhlükəsizliyinin qorunması” əsası ilə müdaxilə etmək məsələsini gündəmə gətirə bilər.
Mənbə:My Webpage