Qarabağ məsələsi Putinin MASASINDA: Rusiya açıq-aşkar “MÜHARİBƏ” DEDİ
Ən çox müharibə səs-küyünü yaradan ABŞ, deyəsən, geri addım atmağa başlayır
“Putin çox açıq danışdı, “müharibə” dedi. Ən çox müharibə səs-küyünü yaradan ABŞ, deyəsən, geri addım atmağa başlayır”.
Azia.az xəbər verir ki, bunu Fransa və Rusiya liderləri arasında Moskvada baş tutan görüşə münasibət bildirən türk siyasi ekspert Taha Dağlı deyib.
Onun sözlərinə görə, Rusiyanın Qərbə iki vacib şərti var: Ukrayna və Gürcüstanın NATO üzvü olmamayacağına zəmanət və NATO-nun genişlənməsinin dayandırılması:
“Bu tələblər rədd olundu. ABŞ nüvə raketləri ilə bağlı yeni təhlükəsizlik paketini açıqlayıb. Moskva bunu qəbul etmir. Ukrayna sərhədində 100 mindən çox rus əsgəri var, təlimlər davam edir. Digər tərəfdən ABŞ Polşaya əlavə hərbi qüvvə göndərib”.
Gərginlik fonunda Makronun Moskvaya getdiyini xatırladan Dağlı Fransa prezidentinin ölkələr arasında vasitəçi rolunda uğurlu nəticə əldə edə biləcəyinə inanmadığını bildirib:
“Məhz bu məqamda Makron Moskvaya getdi. Amma Kremldə biabır oldu. Altı metrlik masanın bir ucunda oturdu, hətta Putinlə əl sıxa bilmədi. Fransa və Almaniya bu böhranda Qərblə Rusiya arasında gedib-gəlir. Onlar həm NATO üzvüdürlər, həm də təbii qaz və qaçqın axını ehtimalı baxımından Rusiyadan asılıdırlar. Almaniya Merkel dövründə ara-sıra öz siyasətini keçirə bildi. Bu, Olaf Şolzla da mümkündür. Fransanın başında isə Makron dayanır. Rusiyanın Almaniyaya baxışı Fransayla müqayisədə yumşaqdır.
Putin qarşısında Liviya, Qarabağ, Livan kimi məsələləri üz-gözünə bulaşdıran və iki aydan sonra keçiriləcək seçkilərdə taleyi qeyri-müəyyən olan Makronu görəndə yazığı gəlmədi. Mesajını çox açıq şəkildə verdi. “NATO nədir”, deyə soruşdu. Makron Putini “müdafiə ittifaqı” olduğuna inandırmaq istədi. Putinin cavabı çox açıq idi: “Əgər NATO müdafiə ittifaqıdırsa, o zaman nə üçün 2001-ci ildə Əfqanıstanı, 2003-cü ildə İraqı, 2011-ci ildə Liviyanı işğal edib?”.
Makron cavab verə bilmədiyi sualla üzləşdi. Fransız jurnalistin “Ukrayna NATO-ya qəbul olunsa nə olacaq” sualına Putin “müharibə başlayacaq” cavabını verib. Bu, mahiyyətcə Rusiyanın təhlükəsizlik tələblərini rədd edən ABŞ-ın məktubuna cavab idi”.
Putinin ABŞ-dan daha çox kozıra sahib olduğunu deyən Taha Dağlı Vaşinqtonun gərginliyi azaltmağa çalışdığını bildirib:
“Bəllidir ki, Putin geri çəkilmir. Ancaq görünür, ABŞ-ın da siyasəti birmənalı deyil. ABŞ Dövlət katibi Blinken dedi ki, Donbasa muxtariyyət verilə bilər. Minsk razılaşmasına görə, bu ehtimalın sonu açıqdır. Rusiya əvvəldən Minsk razılaşmasına işarə edirdi. ABŞ Dövlət Departamenti 2014-cü ildən bəri Rusiyanın işğal etdiyi Donbasın muxtariyyətini sövdələşmə masasına qoyub. Bu jestlə Moskvanın qazını almağa çalışır.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da “Rusiya Ukraynaya hər an müdaxilə edə bilər” sözlərinə görə “yanlış başa düşüldük” deyib. Bayden artıq bir müddətdir ki, Rusiyaya qarşı qızışdırıcı ifadələr işlədirdi. Amma indi ABŞ öz dili düzəltmək yolu ilə gərginliyi azaltmağı hədəfləyir.
Bəs niyə ABŞ dünənə kimi Putini qızışdırmağa çalışarkən bu gün isə gərginliyi azaltmaq istəyir? Cavab Putinin Çinə səfərində gizlidir”.
ABŞ-ın öz istəyi ilə bu nöqtəyə gəldiyinə diqqət çəkən Dağlı münasibətlərin gərginləşməsi səbəbindən böhranın pik həddinə çatıldığını və Vaşinqtonun “sonra görəcəyik” məntiqi ilə hərəkət etdiyini söyləyib:
“ABŞ-ın bununla bir növ Rusiyanı sınaqdan keçirdiyini deyə bilərik. Testin nəticələri gəlməyə başlayıb. Rusiya Çinə yaxınlaşır. ABŞ və İngiltərənin bir müddətdir məşğul olduğu Fransa bu sınaq nəticəsində daha da küncə sıxıldı. Ola bilsin ki, ABŞ əvvəldən bunu istəyirdi: Avropada çatların dərinləşməsi, qütbləşmənin artması, Rusiyanın Çinlə nə edəcəyini görə bilmək. Bəlkə də bunu müşahidə edib “sonra görərik” deyiblər.
Ukrayna böhranı diplomatiya yolu ilə həll olunsa və sabah Rusiya ilə razılaşdırılsa, Çinə qarşı yeni tənlik qurulacaq. Bu, ABŞ və İngiltərənin ağlından keçə bilər. Hazırkı ehtimal ssenarisi belə görünür. Əks halda, bu riskli oyun Avropanın da daxil olduğu dağıdıcı münaqişəyə gətirib çıxaracaq”.
(Teleqraf.com)