“Bizim Türkiyənın yanında olmaq öhdəliyimiz var“
"Avropa Şurasının təsisçi üzvlərindən biri olan Türkiyəyə qarşı baş vermiş çevriliş cəhdindən sonra Türkiyə xalqı və dövləti ilə tam həmrəy olduğumuzu nümayiş etdirmək üçün bu gün bir araya gəlmək imkanı təmin edən və bu iclası təşkil edənlərin hər birinə təşəkkür edirəm"
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin iclasında çıxışı zaman deyib.
E.Məmmədyarov deyib ki, Azərbaycan lap əvvəldən qardaş Türkiyədə konstitusiya və demokratik əsaslara qarşı bir qrup tərəfindən törədilmiş bu cinayəti şiddətlə qınayıb və ciddi narahatlığını ifadə edib: "Türkiyə xalqı və dövləti ilə tam həmrəy olduğumuzu bir daha bildirməklə, biz Türkiyə xalqı və dövlətinin birliyi ilə vəziyyətin tam sabitləşəcəyinə əminliyimizi ifadə etdik. Təəssüf ki, çevriliş cəhdi çoxsaylı insan itkisinə səbəb oldu. Fürsətdən istifadə edərək bu cinayətin qarşısının alınması zamanı həyatını qurban vermiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm".
Nazir bildirib ki, Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Türkiyə ilə xalqlarımız və dövlətlərimizin niyyətinə və bölüşdüyümüz birgə dəyərlərə əsaslanan möhkəm strateji tərəfdaşlığa malikdir. Buna görə də təbii olaraq qardaş millətin qanuni hökumətinə qarşı zorakı çevriliş cəhdi bizim cəmiyyətdə böyük təlaş yaratdı.
Biz çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın Sədrliyini təqdir edirik. Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi.
Biz inanırıq ki, bu mühüm siyasi dəstək Avropa Şurasının sərəncamında olan dəyərli mexanizmlər və vasitələrlə çevrilişdən sonrakı dövrdə Türkiyəyə lazım olacaq yardımı təmin etməklə davam etdiriləcəkdir. Avropa Şurası, şübhəsiz, bu prosesdə konstruktiv və mühüm rol oynaya bilər. Türkiyə beynəlxalq birliyin üzvlərinin tam və birmənalı dəstəyindən yararlanmalıdır. Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı Türkiyənın yanında olmaq öhdəliyimiz var. Hökumətim adından vurğulamaq istərdim ki, Azərbaycan Türkiyənin yanındadır və onun bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir". (trend)