Siyasi partiyalar Türkiyədə çevriliş cəhdinə münasibət bildirib
“Türkiyədə konstitusion hakimiyyət var. Türk xalqı iradəsini ifadə edərək öz hakimiyyətini formalaşdırıb. Biz dünən Türkiyədə hərbi çevrilişə cəhdi xəyanət kimi qiymətləndiririk”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı baş verənlərə münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, Türkiyə ordusunun daxilində bir qrup hərbçi təhrik edilərək belə bir addım atıb: “Baş verən hadisələrdə ordunun rolundan söhbət belə gedə bilməz. Türk ordusu, türk xalqı, Türkiyə dövləti ilə bir yerdə oldu. Keçmişdə Türkiyə Konstitusiyasında belə bir norma var idi ki, ölkədə hərc-mərclik, iqtisadi tənəzzül olsa, yaxud da dövlətçilik təhlükə altında qalsa ordu hakimiyyətə müdaxilə etmək hüququna malikdir. Lakin bu norma konstitusiyadan çıxarıldı. Bu anti-demokratik bir norma idi. Çünki dövlətin taleyini xalq müəyyənləşdirir. Xalq da seçim yolu ilə bunu müəyyən edib. Hər hansı bir digər qüvvənin buna qarışmaq ixtiyarı yoxdur. İkinci bir tərəfdən də Türkiyədə bu gün iqtisadi tənəzzül, hərc-mərclik yaşanmır. Bu gün Türkiyə anti-terror əməliyyatları aparır. Türkiyə inkişaf edir. Türkiyə enerji daşıyıcılarının təmin olunması və dünyaya çatdırılmasında xüsusi bir rol oynayır və Türkiyə regionun ən aparıcı dövlətlərindən biridir”.
YAP icra katibinin müavini qeyd edib ki, ordunun içərisində bir qrup hərbçinin belə bir addım atması nə beynəlxalq hüquqa, nə Türkiyə qanunvericiliyinə, nə Türkiyə Ana Yasasına uyğundur: “Bu qeyri-qanuni bir hərəkətdir. Çox düzgün şəkildə türk xalqı demokratiyanın yanında olaraq dövlətçilik ənənələrinə sadiq qalaraq dövlətin müdafiəsi üçün ayağa qalxdı və türk xalqının əleyhinə iş aparan qüvvələrə qarşı özlərinin etirazını bildirdi, onları tərki-silah etdi. Güman edirəm ki, bu Türkiyə hakimiyyəti ilə xalqın birgə dövlətçilik ənənəsinin qorunub saxlanmasına olan xidmətin bariz nümunəsidir. Türkiyə bizim qardaş dövlətdir. Türkiyədə baş verən hadisələrə çox həssaslıqla yanaşırıq. Biz son baş verənlərin tam əleyhinəyik. Hesab edirik ki, hərbi çevrilişə cəhddə iştirak edənlər ciddi şəkildə cəzalandırılmalıdırlar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev baş verənləri Türkiyəyə qarşı təxribat kimi qiymətləndirib: “Burada xarici dövlətlərin də, siyasi hakimiyyətdəki bəzi adamların da rolu ola bilər. Məncə, məqsəd ciddi çevriliş cəhdindən daha çox Türkiyəni xaosa sürükləmək olub”.
Q. Həsənquliyev qeyd edib ki, bundan sonra Türkiyədə kütləvi həbslərin aparılacağı, demokratik institutların fəaliyyətinin bir müddət səngidiləcəyi və ya dondurulacağı da gözləniləndir. Millət vəkili vurğulayıb ki, hərbi çevrilişlərdə qalib gələn tərəf olmur: “İstənilən ölkədə belə hadisənin olması həmin ölkənin siyasi hakimiyyəti üçün arzuolunan deyil, ölkənin özü üçün isə faciədir: “Çoxlu sayda insan ölüb, xeyli yaralı var. Xeyli insanın həyatı həbsxanalardan keçəcək. Bu acının Türkiyədə yaşanması bizi sarsıtdı. Arzu edirəm ki, Türkiyə bundan sonra demokratik təsisatların gücləndirilməsi yolu ilə davam etsin”.
Müsavat Partiyasının Divanı legitim siyasi hakimiyyətlərə qarşı törədilən bütün hərbi çevrilişləri, o cümlədən dünən Türkiyədə Silahlı Qüvvələrin bir hissəsi tərəfindən baş verən çevriliş cəhdini siyasi hakimiyyətin əvəzlənməsi üçün qəbuledilməz üsul kimi pisləyib. Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanı insanların həlak olmasına səbəb olan, Türkiyə Cümhuriyyətinin çıxarlarına ciddi zərbə vuran hadisələrlə bağlı dərin məyusluq ifadə edilib. Müsavat Partiyası qardaş türk xalqının bu sınaqdan da uğurla çıxacağına, çevriliş cəhdinin törətdiyi fəsadların Türkiyə Cümhuriyyətinin istiqlalının qarantı olan orduya qarşı çevrilməyəcəyinə, əsası Atatürk tərəfindən qoyulmuş cümhuriyyət dəyərlərinə, dünyəvi, hüquqi, demokratik Türkiyə Cümhuriyyətini qorumağa və inkişaf etdirməyə nail olacağına inamını bildirib.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib ki, dünən Türkiyədə baş verənlər birbaşa dövlət çevrilişinə təşəbbüsdür: “Konkret olaraq çevrilişin gerçəkləşdirilməsi istiqamətində addımlar atılıb. Həm prezidentin aradan götürülməsi, həm dövlət qurumlarının fəaliyyətinin dayandırılması, eyni zamanda televiziyanın qəsb olunaraq çevriliş bildirişinin oxunması bunlar hamısı sistemli şəkildə hazırlanmış bir çevriliş təşəbbüsüdür. Buna görə də hərbi çevrilişə cəhd edən insanlar barəsində həm dövlət hakimiyyətini dəyişmək, həm də vətənə xəyanətlə bağlı cinayət işi açılmalıdır. Bu birbaşa hərbi çevrilişə cəhddir. Kiçik bir hərbçi qrup, xunta hakimiyyəti ələ keçirmək üçün belə bir addım atıb”.
BQP sədri qeyd edib ki, son baş verən olaylar Türkiyənin gələcəyi üçün müsbət şeylər ortaya qoyub: “Neçə müddət idi ki, hərbi çevriliş söhbətləri var idi. Artıq bu indi gerçəkləşdi və uğursuzluqla nəticələndi. Yəqin ki, bundan sonra kimsə belə bir təşəbbüslə çıxış eləməz. Çünki əhali də məsələyə öz münasibətini bildirdi”.