Deputat yazdı: "Ögey ana olur, amma ögey vətən olmur"
Etibar Əliyev
Milli Məclisin deputatı
Vətən nədir?Vətən haradan başlayır, harada qurtarır? Deyirlər vətən anadır. Ananin doğmasi da olur, ögeyi də. Bəs vətənin? Ögey vətən varmı? Anası ölənə yetim deyirlər? Bəs vətənsizə? Çox vaxt atalı-analı yetimlər də olur. Bəlkə vətən yalnız doğulduğu yerdir, ya səni dünyaya gətirənlərin yeridir, hərçənd ki, sən oranı heç görməmisən? Ögey ana olur, amma ögey vətən olmur. Sonradan sənə qismət olmuş, sənin əlindən tutmuş, sənə analıq etmiş uzaq bir ölkəyə ögey vətən deməzlər, ikinci vətən deyərlər.
Vətənsiz insan varmı? insanı vətənə cəlb eləyən nədir? Onun insanlarıdırmı, ya torpağı, daşı? Hər şeyi- insanları da, dağı da, suyu da, çörəyi də. Lap çılpaq qayaları da, daşları da. Ona görə insana bu yerin vətən daşı-vətəndaşı deyirlər. Bəlkə ona görə belə deyirlər ki, o vətənin təməl daşıdır, gücüdür, qüvvəsidir, arxasıdır, vuran əlidir, ümididir. Ümid isə qəlbin təsəllisi, onun vicdan səsi, arzusudur, təbiətin nur qucağıdır, xəstənin umacağıdır. Vətəndən uzaq düşürsən, yenə də vətən deyib yaşayırsan. Vətənimin parçalanmış, barbarlar tərəfindən işğal olunmuş torpaqları işğaldan azad olunur, bütövləşir, saflaşır. Artıq biz özümüzü xoşbəxt nəsil hesab edə bilərik. Dahi Füzuli demişkən:
Nə qədər zülm irişirsə mənə,
Xoşdur vətənim,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.