İlham Əliyev: "Dmitri Medvedevin səfərinə Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi baxırıq"
"Rusiyanın Baş naziri Dmitri Medvedevin Bakıya bugünkü səfərini Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi nəzərdən keçiririk". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş naziri Dmitri Medvedev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.
İlham Əliyev bildirib: "Sizin səfərinizə böyük önəm veririk. Bu gün geniş tərkibdə danışıqlarda və təkbətək görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin vacib məsələlərini, regional problemləri müzakirə etdik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri, xüsusən bu yaxınlarda münaqişə zonasında eskalasiya nəzərə alınmaqla, ətraflı müzakirə etdik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevin Bakıda rəsmi səfərdə olmasını çox yüksək qiymətləndirir: "Mən Dmitri Anatolyeviçi Azərbaycana səfərə dəvət etmişdim. Bilirəm ki, səfər onun planlarında var idi, lakin bu səfərin bu gün həyata keçirilməsinə Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi baxırıq. Hamımız bilirik ki, Dmitri Anatolyeviçin Ermənistana aprelin 7-nə rəsmi səfəri planlaşdırılmışdı. Münaqişə zonasında mövcud vəziyyət nəzərə alınmaqla, aprelin 8-də Azərbaycana səfər etmək qərarını çox yüksək qiymətləndiririk. Bu, bir daha ondan xəbər verir ki, Rusiya üçün həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər böyük önəm kəsb edir".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan üçün də Rusiya ilə münasibətlər böyük önəm kəsb edir: "Biz bu münasibətlərə dəyər veririk, onları qiymətləndiririk və onları genişləndirməyə, möhkəmləndirməyə çalışırıq. Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına gəlincə, təəssüf ki, münaqişə uzun illərdir öz həllini tapmır, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın ona bitişik yeddi rayonu 20 ildən artıqdır işğal altındadır. Oradan bütün Azərbaycan əhalisi çıxarılıb, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox məcbur köçkünümüz var. Buna Ermənistandan 250 mindən çox qaçqını əlavə etsək, 1994-cü ildə barışığa nail olunanda adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə ən yüksək faiz göstəricilərindən birinə malik idik".
Dövlət başçısı qeyd edib ki, münaqişənin nizamlanması üçün mexanizmlər, BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur, lakin təəssüf ki, onlar həyata keçirilmir.
Prezidentin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanması işində vacib rol oynayır: "Bu rolu yüksək qiymətləndiririk. Ermənistan tərəfindən növbəti silahlı təxribat fonunda mövqelərimiz atəşə məruz qalanda, o cümlədən yaşayış məntəqələrinə zərər vurulanda bu rol özünü xüsusilə göstərdi. Qoşunların təmas xəttinə yaxın ərazilərdə 400-dən artıq ev zərər gördü, onlardan onlarla ev tamamilə dağıdıldı, qurbanlarımız var, o cümlədən də dinc əhali arasında".
Dövlət başçısı vurğulayıb ki, bu şəraitdə Rusiya tərəfi münaqişənin deeskalasiyası üçün təşəbbüs göstərdi: "Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan Prezidentinə zəng edərək narahatlığını, eləcə də vəziyyətin deeskalasiyası üzrə tərəflərə kömək etmək səyini bildirdi. Bütün bunları müsbət qəbul etdik. Moskvada Rusiya Federasiyası Baş Qərargah rəhbərinin iştirakı ilə üç ölkənin Baş Qərargah rəhbərləri arasında görüş keçirildi. Görüşdə hərbi fəaliyyətin dayandırılması barədə qərar qəbul olundu. Sözsüz ki, bu qərara əməl edirik və ümid edirik ki, erməni tərəfi də buna sadiq qalacaq".
Prezident bir daha vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir: "20 il ərzində danışıqlar aparılır və Ermənistan tərəfdən Azərbaycanın eskalasiyanın təşəbbüskarı olması ilə bağlı bütün ittihamlar tamamilə əsassızdır. Çünki aprelin əvvəlində baş verən hərbi toqquşmaların xarakteri ondan xəbər verir ki, bizim irimiqyaslı hərbi əməliyyatlara başlamaqla bağlı heç bir niyyətimiz olmayıb və yoxdur. Biz sadədə mövqelərimizi, vətəndaşlarımızın dinc həyatını qoruyurduq".
İlham Əliyev bildirib: "Buna görə də münaqişənin nizamlanması Azərbaycanın marağındadır və əminəm ki, Ermənistanın da marağındadır, eləcə də Rusiya münaqişənin tezliklə nizamlanmasında maraqlıdır. Danışıqlar prosesini davam etdirəcəyik. Bu yaxınlarda regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədlərinin təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, Minsk qrupunun status-kvonun dəyişdirilməli olduğuna dair çağırışları Ermənistanda da eşidiləcək. Status-kvonun dəyişməsi, Azərbaycan torpaqlarının işğalından imtina etmək münaqişənin irimiqyaslı nizamlanması üçün əsas şərtdir. Bu baş verən kimi regionda sülh, əmin-amanlıq, əməkdaşlıq bərpa olacaq və bundan regionun bütün ölkələri qazanacaq".
Gündəliyin digər məsələsinə toxunan İlham Əliyev diqqətə çatdırıb: "İqtisadi problemləri, ticarət-iqtisadi münasibətləri, enerji, nəqliyyat və humanitar əməkdaşlıq sahəsində münasibətləri ətraflı müzakirə etdik. Bütün istiqamətlər üzrə yaxşı dinamika var. İstiqamətlər üzrə böyük səmərəliliklə konkret işləyən hökumətlərarası komissiya aktiv çalışır. Rusiya ilə münasibətlərə strateji xarakterli münasibətlər kimi baxırıq və eyni münasibəti Rusiya rəhbərliyindən, Rusiya tərəfdən görürük. Dmitri Anatolyeviçin səfəri bu münasibətlərin xarakterini bir daha təsdiq edir və əməkdaşlığımızn möhkəmləndirilməsinə böyük töhfə verir. Sizə ən xoş arzularımı bildirirəm. Rusiya xalqına dərin hörmətimi ifadə etmək istəyirəm, Rusiya dövlətinə uğurlar və çiçəklənmə arzulayıram".