azia.az
azia.az

Baş neonatoloq: Özəl klinikalar doğuşayardım xidmət üzrə səviyyələrə bölünməlidir

29-02-2016, 09:20

Baş neonatoloq: Özəl klinikalar doğuşayardım xidmət üzrə səviyyələrə bölünməlidir Azərbaycanda özəl klinikaların doğuşayardım xidmətin təşkili üzrə səviyyələrə bölünməsi məqsədəuyğun olardı. Bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.
R.Hüseynov bildirib ki, Azərbaycanda dövlət doğuşayardım müəssisələri kimi, özəl klinikaların da doğuşayardım xidmətin təşkili üzrə səviyyələrə bölünməsi və bununla bağlı sistemin yaradılması məntiqə uyğun olardı.

Onun sözlərinə görə, Azərbaycanda dövlət doğuşayardım müəssisələri 1, 2 və 3-cü səviyyələrə bölünüb. I səviyyəli doğuşayardım müəssisələrinə əsasən fizioloji hamiləliyi olan, sağlam, hamiləliyi fəsadsız keçən qadınlar qəbul edilir. II səviyyəli doğuşayardım müəssisələri 34-37-ci həftələrdə və orta ağır fəsadları olan, III səviyyəli doğuşayardım müəssisələri isə hamiləliyin 34-cü həftəsindən aşağı olan, əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulur.
R.Hüseynov qeyd edib ki, ekstremal (500-1000 qram), çox az çəki (1000-1500 qram) və az çəki ilə (1500-2500 qram) doğulan uşaqlara qulluq üçün müasir texnologiyalar, tibbi ləvazimatlar, avadanlıqlar, xüsusi dərmanlar tələb olunur.
Azərbaycanda bütün dövlət doğuşayardım müəssisələrinin səviyyələrinə uyğun olaraq, tələb olunan bu şəraitin yaradıldığını deyən baş neonatoloq doğuş xidməti göstərən özəl klinikalarda da belə şəraitin yaradılmasını vacib sayıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanda yalnız bir neçə özəl klinika yeni doğulmuş körpəyə tibbi yardımı tam həcmdə təşkil edə bilir. Qalan özəl klinikalarda isə yeni doğulmuş körpələrə qulluq üzrə tibbi xidmətlər istənilən səviyyədə təşkil edilməyib: “Bütün dünyada belə reallıq var ki, doğuş zamanı müəyyən risklər ola bilər. Sağlam qadının da doğuşunda hansısa fəsadlar yarana, onun uşağı ağır, orta ağır vəziyyətdə doğula bilər. Vaxtından əvvəl doğulan uşaqlara isə xüsusi yardımın göstərilməsi tələb olunur. Belə uşaqlara qulluq üçün xüsusi şəraitin yaradılması lazımdır. Buna görə də həmin özəl klinikalar problemlə üzləşəndə - ekstremal, az çəkili uşaq doğulanda onları dövlət tibb müəssisələrinə göndərməyə məcbur olur. Bu səbəbdən özəl klinikalar da təsadüfən belə doğuşları olanda bunu qəbul etməyə və uşaqlara qulluq etməyə hazır olmalıdırlar”.
Azərbaycanda vaxtından əvvəl doğulmuş çox az çəkili körpələrə qayğının Səhiyyə Nazirliyinin daim diqqət mərkəzində olduğunu deyən R.Hüseynov əlavə edib ki, ölkədə neonatal qayğı üzrə xidmət səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı, köklü islahatlar aparılıb. Bu islahatlar çərçivəsində Azərbaycanda 7 regional perinatal mərkəz yaradılıb, onların maddi-texniki bazası gücləndirilib, yeni perinatal konsepsiya, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” qəbul edilib ki, bu da neonatoloji xidmətin inkişafına töhfə verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi