azia.az
azia.az

"Dərs yükünün ağır olması uşaqlarda göz xəstəliklərinin yaranmasına səbəb olur" - Oftalmoloq

24-10-2022, 13:08


Məktəblilər arasında bir neçə dəqiqə gəzişsək, eynəkli şagirdlərin sayının nə qədər çox olduğunu rahatlıqla müşahidə edəcəyik. Adətən yuxarı sinif şagirdləri arasında rast gəlinən problem bu gün azyaşlı şagirdlər arasında daha geniş yayılıb.

Diqqət etsək görərik ki, bir çox hallarda uşaqlar uzağı görməkdə çətinlik çəkir, ancaq yaxını rahatlıqla görə bilirlər. Bu da tibdə miopiya adlanır. Maraqlıdır, zaman-zaman uşaqlarda artan bu xəstəliyin səbəbi nədir? Nə üçün gün keçdikcə eynəkli şagirdlərin sayı artır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Aynurə Əliyeva bildirdi ki, texnologiyanın inkişafı, dərslərində elektron vasitələrdən çox istifadə etməsi uşaqlar arasında göz xəstəliklərinə səbəb olur.

“Məktəb proqramlarının, dərs yükünün ağır olması, elektron variantda kitablardan istifadə etməsi, dərslərin onlayn formada tətbiq edilməsi, elektron cihazlardan istifadənin artması, texnologiyanın inkişafı bunun əsas səbəbləridir. Öncəki zamanlarda uşaqlar asudə vaxtlarında kitab oxuyurdularsa, indi internetdə zaman keçirirlər. İnformasiyanı belə elektron cihazlardan əldə edirlər. Əsasən bunlarla əlaqəlidir, amma ekologiyanın da rolu var. Ekologiyanın təmiz olmaması, yaşıllıqların az olması, uşaqların parklarda, açıq havada az vaxt keçirtməsi də burada xüsusi rol oynayır”.

Söhbətimiz əsnasında oftalmoloq valideynlərə məsləhət gördü ki, uşaqlar doğulduğu gündən mütəmadi olaraq həkim yoxlanışından keçsinlər:

“Uşaqlar doğulanda gözləri müayinə edilir. Oftalmoloq olaraq valideynlərə məsləhət görürük ki, uşağın şikayəti olsa da, olmasa da 6 ayında, 3 yaşında və məktəbdən öncəki dövrdə - 5-6 yaşında mütləq müayinə olunmalıdırlar. Bundan əlavə, vaxtaşırı gündəlik olaraq yaşıllıqda gəzməli, qəbul edilən qidalara, yuxu rejiminə diqqət etməliyik. Yuxu sağlam və dərin, 7-8 saat olmalıdır. Qida olaraq təbii yeməyə, meyvə-tərəvəzə üstünlük verməli, kalsium qəbul etməlidirlər”.

Həkim onu da qeyd etdi ki, qidalar arasında dəniz məhsullarına xüsusi yer vermək lazımdır.

“Həftədə 2 dəfə balıq yemək məsləhətlidir. Dəniz məhsulları omeqa ilə olduqca zəngindir. Bundan əlavə qırmızı, narıncı və sarı rəngli yeyilən bütün meyvə və tərəvəzlərdən, giləmeyvələrdən, enli və tünd yarpağı olan ot bitkilərindən – şomu, brokoli kimi qidalardan istifadə məqsədəuyğundur. Süd və süd məhsulları da kalsium ilə zəngin olduğu üçün qəbul edilməlidir”, - deyə Aynurə Əliyeva bildirdi.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi