İsmayıllı səhiyyəsi inkişaf yollarında
Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il әrzində 10 dәfədən çox artıb. Bu dövrdə böyük әksəriyyəti respublikanın bölgәlәrində olan 500-dәn artıq tibb müәssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Yolxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Belə ki, Cənab prezidentin tapşırığı ilə pondemiya dövründə Covid-19 virusuna yoluxmuş xəstələrin stasionar müalicəsi üçün 2000 çarpayı həcmində on modul xəstəxanası, o cümlədən biri İsmayıllı rayonunda olmaqla tikintisi başa çatdırılıb.Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşmüş, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıbdır.
Səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Bu baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq 2004-cü ildən etibarən daha da genişlənib. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu, Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digərləri ilə fəal əməkdaşlığa başlayıb. Səhiyyə sistemində islahatlar layihəsi çərçivəsində Azərbaycan hökuməti 2006-cı ilin sentyabrında Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə maliyyələşmə sazişi imzalayıb. Bu saziş 6 il ərzində səhiyyədə struktur və idarəetmə islahatlarına dair layihənin həyata keçirilməsini nəzərdə tutur. Layihə Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsini, səhiyyə xidmətlərinin çatdırılmasının yaxşılaşdırılmasını, kadr resurslarının inkişaf etdirilməsini və s. əhatə edir.
İslahatların gedişi Dünya Bankının xüsusi missiyası tərəfindən izlənilir və nəticələrlə bağlı müsbət rəylər verilir. Həmçinin səhiyyə sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəylə qiymətləndirilir.
Son illərdə ölkədə həyata keçirilən, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına müsbət təsir göstərən, əhalinin ümumi sağlamlığının möhkəmləndirilməsinə yönələn tədbirlərə aşağıdakılar daxil edilir:
-dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin məbləği əvvəlki illərlə müqayisədə 10 dəfədən çox artıb;
-səhiyyə obyektlərinin tikintisi, təmiri, bərpası və yenidən qurulması üçün xeyli miqdarda vəsait ayrılıb;
-özəl səhiyyə xidməti inkişaf edib, səhiyyənin maddi-texniki təminatı möhkəmləndirilib.
Həmçinin 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edildi ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli addım sayılır.
Səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu məqsədlə son illərdə beynəlxalq praktika öyrənilir, qanunvericilik bazası hazırlanır. Məcburi tibbi sığorta sisteminə əsasən pensiyaçılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətəndaşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyəcək. Nəticədə ölkə əhalisinin bütün təbəqələrini tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb etmək mümkün olacaq.
Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub.
Bundan əlavə, dövlәt tәrәfindәn sosial xəstəliklәrlə (diabet, hemofiliya, talassemiya, onkoloji xәstәliklər, immunoprofilaktika, hemodializ, vәrәm, QİÇS vә s.) mübarizә, sanitariya maarifi işi, narkomaniya və alkoqolizmlə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitәsilə həyata keçiriləcәk.
Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir. Bu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq etmişdir.
Bu gün də Ulu Öndər Heydər Əliyevin başlatdığı səyiyyə islahatları Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Həm ölkə başçısı cənab İlham Əliyevin həm də 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə qayğısı danılmazdır. Heydər Əliyev Fondu tərəfindən bir çox səhiyyə müəssisələri əsaslı təmir olunub və ya yeniləri tikilib istifadəyə verilib. Bu nəcib missiya bu gün də davam edir.
Bu yaxınlarda İsmayıllı rayonuna səfərimiz zamanı "İsmayıllı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin"-direktoru hörmətli Vidadi Rəhimovla görüşüb saytımız üçün müsahibə aldıq. Müsahibə zamanı Vidadi həkimin dediklərini oxucularımızın diqqətinə çatdırırıq:-
"Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının qanununu rəhbər tutaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 24 noyabr 2016-cı il tarixli sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Publik Hüquqi Şəxsi, 2018-ci il 20 dekabr tarixli fərmana əsasən isə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) yaradılmışdır. 01.01.2020-ci il tarixindən ölkə üzrə mərhələli şəkildə İcbari Tibbi Sığorta sistemi tətbiq olunmağa başlamışdır. Respublikamızın 23 şimal rayonunda olduğu kimi İsmayıllı RMX-sı PHŞ-də həmin tarixdən əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi 101 çarpayılıq RMX-sı , 7 Ailə Sağlamlıq Mərkəzi, 7 Həkim Məntəqəsi, 18 Tibb Məntəqəsindən ibarətdir.
Rayon Mərkəzi Xəstəxanası 20 çarpayılı Terapiya, 25 çarpayılı Cərrahiyyə, 15 çarpayılı Mama-Ginekologiya, 15 çarpayılı Pediatriya, 6 çarpayılı Reanimasiya, 20 çarpayılı Yoluxucu xəstəliklər şöbəsi və bundan əlavə yeni yaradılmış Ümumi, Sığortanın təşkili və İnnovasiya, Xəstə xidmətləri, Dəstək xidmətləri və digər şöbələrdən ibarətdir. RMX-da müasir informasiya texnologiyaları əsasında komputerlər quraşdırılıb, əsas girişdə qeydiyyat bölməsi yerləşdirilmiş, müasir ilk tibbi yardım aparatları və oksigenlə təmin olunmuş Təcili yardım bölməsi yaradılmışdır. İsmayıllı Rayon Mərkəzi Poliklinika şöbəsi ixtisas həkimləri ilə birlikdə RMX-na köçürülmüşdür.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 768 ştat vahidi vardır. Hal-hazırda 719 nəfər işçi çalışır ki, bunlardan 92 nəfəri həkim, 313 nəfər orta tibb işçisi, 314 nəfəri isə kiçik tibb işçiləri və digər işçilərdir.
Bu günədək İcbari Tibbi Sığorta xətti ilə İsmayıllı RMX-da ambulator pasiyent sayı 73284 nəfər, ambulator xidmət sayı 343780 ədəd, TTTYS-na çağırış sayı 9638 ədəd, stasionar müraciət sayı 2116 nəfər olmuşdur.
2020-ci il ərzində 6193, 2021-ci ilin ilk 4 ayı ərzində 1845 göndəriş verilmişdir. Göndərişlərdən 173 nəfəri İcbari Tibb Sığorta xətti ilə özəl tibb müəssələrinə göndərilmiş və bunlardan 13 nəfər xəstəyə “ Açıq ürəy” əməliyyatı, 24 nəfər xəstənin ürəyinə “Stend” qoyulub, 19 nəfər xəstə kataraktaya görə əməliyyat, 2 nəfər xəstəyə “Bud-çanaq oynağına endoprotezi” və digər əməliyyatlar aparılmışdır.
Xəstəxanamızda 2020-ci il ərzində 214 cərrahi əməliyyat, 2021-ci ilin ilk 4 ayı ərzində 140 cərrahi əməliyyat həyata keçirilmişdir.
Rayonumuzda 05.05.2021-ci il tarixədək 20237 nəfərə Covid 19 əleyhinə peyvənd vurulmuş, o cümlədən 8190 nəfərə ikinci doza vurulmuşdur.
İsmayıllı Modul tipli xəstəxanası 17.11.2020-ci il tarixindən 25.01.2021-ci il tarixədək və 06.04.2021-ci il tarixdən başlayaraq karonavirus infeksiyasına yoluxmuş xəstələrin stasionar müalicəsinə başlamışdır.
Həmin xəstəxana bu günədək 696 nəfər xəstə qəbul etmişdir. Bu xəstələrdən 459 nəfəri sağalaraq evə buraxılmış, 51 nəfəri vəfat etmiş, 55 nəfəri isə Covid-19 xəstələrinin müalicəsi ilə məşğul olan digər xəstəxanalara köçürülmüşdür. Hal-hazırda İsmayıllı Modul tipli xəstəxanası fəaliyyətini davam etdirir..
İsmayıllı rayon Mərkəzi Xəstəxanası 27.09.2020-ci il tarixindən başlayan 44 günlük Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuları 04.10.2020-ci il tarixindən qəbul etməyə başlamışdır. Yaralı hərbi qulluqçular 04.10.2020-27.10.2020-ci il tarixlərində Modul tipli xəstəxanada, 27.10.2020-18.11.2020-ci il tarixlərində isə İsmayıllı RMX-da müalicə almışlar. Ümumi olaraq 329 nəfər hərbi qulluqçu müalicə almış, onlardan 199 nəfəri müalicə alaraq öz hərbi hissələrinə, 130 nəfəri isə digər qospitallara göndərilmişdir.
İcbari Tibbi Sığorta sistemi tətbiq olunduqdan sonra xəstəxanada çalışan bütün tibb işçilərinin maaşlarına İTS əlavələrin, həkimlərə bonusların verilməsi sayəsində xəstələrdən pul alınmasının qarşısı alınmışdır."
Müsahibə zamanı Vidadi həkim İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova da təşəkkürünü bildirdi.:"Belə ki, son bir ildə həm "Covid 19" virusu ilə həm də Vətən müharibəsi zamanı bizi diqqətsiz qoymayıb. Dəfələrlə xəstəxanaya gəlib yaralı əsgərlərlə görüşüb, onların problemləri ilə maraqlanıb və bizlərə də bu istiqamətdə öz tövsiyyələrini verib. Hörmətli cənab başçı Nahid müəllim bizim bu fəaliyyətimizi, İsmayıllı səhiyyə işçilərinin gərgin əməyini yüksək qiymətləndirərək kollektivimizi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etmişdir. Bu gün də hörmətli Nahid müəllimin diqqətini hiss edirik".
Son olaraq biz də öz adımızdan Vidadi həkimə və İsmayıllı tibb işçilərinə təşəkkür edib, nəcib işlərində uğurlar arzulayırıq.
Müəllif: Yusif Məhəmmədoğlu,
Bakı- İsmayıllı- Bakı