azia.az
azia.az

Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə

20-03-2021, 11:51


Bu gün məşhur xanəndə, Azərbaycanın Xalq Artisti Hacıbaba Hüseynovun doğum günüdür. Orijinal təsnifləri ilə xatırlanan mərhum muğam sənətkarının bu gün 100 yaşı tamam olur.
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
Kulis.az sənətkarın qızı Sədaqət Hüseynova ilə müsahibəni təqdim edir.

- Sədaqət xanım, atanız... Ümumiyyətlə, əvvəlcə deyin, Hacıbaba Hüseynova necə xitab edirdiniz?

- Lap kiçik olanda “papa” deyirdim. Bir gün məktəbdən gələndə anam dedi ki, atan deyir, daha mənə “papa” deməsin, "papa" sözünü ruslar deyər, qoy Sədaqət mənə “Ağa” desin”. Bilirsiniz, atamgil də, anamgil də atalarına “Ağa” deyiblər. Mən də o gündən ona “Ağa” dedim. Sonradan mənim dilimdən götürüb hamı ona Ağa deməyə başladı.

- Siz körpə olanda neçə yaşı var idi?

- 52 yaşı. Bəlkə yaşlı idi artıq, ona görə mənə çox bağlanmışdı, nazımla oynayırdı.

- Hacıbaba Hüseynovun bir evliliyi olub?

- Hə. Atamın 24, anamın 18 yaşı olanda, 1943-cü ildə evləniblər... Müharibə vaxtında. Həmişə zarafatla deyirdi ki, camaat acından arvadını boşayırdı, mən arvad aldım...

- Ananız Mehparə xanım Sara Qədimovanın bacısı olub. Yəqin ona görə də hamıya elə gəlib ki, onları Sara xanım tanış edib.

- Yox. Onlar anamın nənəsigillə həm qohum, həm də qapı-qonşu imişlər. Anam nənəsigilə gedib gələndə atam onu orada görüb. Toy da olmayıb heç. Müharibə vaxtı, camaat acdı. Nə toy? Sadəcə böyüklər görüşüblər, razılığa gəliblər, atam da anamı götürüb gəlib evinə.

- Onadək oxuyurmuş? Yəni xanəndəliyində də Sara xanımın rolu olmayıb?

- Atam dənizçi ailəsində doğulub. Anası Seyid qızı olub – seyid Fatimə. Ailələri də dindar olub. Atası səsi olduğunu bilirmiş, deyirmiş ki, birdən xanəndə zad olarsan ha. Qəti olmaz. Kişi sənəti deyil. Atam da əvvəlcə tokar olub, sonra müharibənin axırlarına yaxın, dolanışıq pis olanda qohumu qarmonçalan Teyyub Dəmirov onu özüylə toylara nağaraçalan kimi aparıb. Atamın müəllimi olmayıb, elə nağaranı da özü öyrənib. Sadəcə səsi olduğuna görə toylarda oxutdurublar. Zülfi Adıgözəlovu o qədər çox istəyirmiş ki, o oxuyanda ağlayırmış. Sonradan Zülfi ilə toyda bir yerə düşüb.



Sonra yavaş-yavaş oxuyub. Amma televizora çıxmaqda Sara xalamın rolu olub. Sara xalam da deyirdi ki, Hacıbaba olmasa Şur muğamım olmazdı. O vaxtlar Sara xalanın ayağı sınıbmış, ruhdan düşübmüş. Atam onu məcbur edib ki, Şur muğamını yazdırsın. Bir yerdə məşq ediblər, işləyiblər. Xalam həmişə bunu deyirdi.

- Hacıbaba Hüseynovu oxuduğu təsniflər xalqa sevdirdi, tanıtdırdı. Çünki heç yerdə eşidilməyən sözlər, musiqilər idi. Bu təsnifləri də özü toplayırmış...

- Özünün yazdığı təsniflər də var idi. Amma məşhur olan “Bərəyə bax...” və digər məşhur təsnifləri türk mahnıları idi. Birdən yadına düşürdü, gəlib anama deyirdi ki, yadında biz o vaxt cavan olanda belə mahnı verirdilər türk radiosunda? Hətta mahnıdakı bir çox sözləri xatırlaya bilmirdi. Bəzi hissələri anam xatırladı, bəzi hissələri özü quraşdırdı. Musiqilər olduğu kimi yadında idi. Həmişə deyirdi ki, heyf mənim musiqi təhsilim yoxdur. Notu bilsəm, deyirdi, təsniflərimin sayı-hesabı olmazdı. Heç maqnitafon da almamışdı ki, o mahnıları yazsın. Sonradan aldı, amma heç ora da ifalarını yazmırdı. O maqnitafonu da mənə görə aldı.

- Türk mahnıları oxuduğu üçün qadağalarla rastlaşırdımı?

- Əvvəllər imkan vermirdilər. Amma toylarda oxuyurdu. Bir də ki, o, heç televizora da çox çıxmırdı. İki dəfə televiziyada onun lentlərini məhv etdilər. Onu istəməyənlər etdi bunu. Sonra küsdü getmədi televiziyaya. Sonralar Allah Nadir Axundovun köməyi olsun, onu dilə tutub apardı, biri neçə mahnı yazdılar. İranda oxuduqlarının lent yazıları qalıb. Bir də camaatda varsa toy kassetlərində ifası qalıb.

- Heç yerdə olmayan, ancaq evdə onun ifasından eşitdiyiniz mahnı, təsnif var idimi?

- Yox, yadımda qalmayıb. Yəqin ki oxuyurdu, sonra unudurdu da.

- Alim Qasımov onun ifalarını gizli aşkar yazırmış..

- Alim Qasımov Ağaxan Abdullayevin sinfində oxuyub. Amma o, Ağaxanın dərsində bir saat da oturmayıb. Alim atamdan çox şey öyrənib. Halallığını da alıb çünki o, yaxşı sənətkardı. Öyrəndiyini yaxşı üzə çıxardı.

- Siz dediniz ki, onun lent yazılarını məhv ediblər. Kim edib ki bunu?

- Bildik kimlər edib. Bilirsiniz, atam sözü üzə deyən idi. Hansısa naqis cəhəti görsə, adamı üzünə söyürdü. Bununla da düşmən qazanırdı. Amma bir xasiyyəti var idi; şəxsiyyətlə sənəti qarışdırmırdı. Məsələn, deyirdi ki, filankəs alçaq adamdır, amma sənətindən yoxdur...

Ümumiyyətlə, həm xarakterli idi, həm də həssas adam idi. Birdən radioda türk müğənnilərini, ərəb xanəndələrinin ifasını dinləyirdi, görürdün ki, ağlayır. Deyirdi, sənət budur. Mələkxanımın səsini Humeyranın səsinə oxşadırdı. Brilyant xanımın səsini bəyənirdi, deyirdi səsi yumşaqdır.

Bilirsiniz, bu sahədə çox intriqalar olur. Mən həmişə bir şeylə fəxr edirəm ki, atam sənətə kişi kimi gəlib kişi kimi də getdi. Sözü üzə deyirdi. Ondan qorxurdular, amma arxada ayağının altın qazırdılar. . Pula görə kimləsə dostluq etməyi sevmirdi. Heç vaxt özünü dəstəsindən ayırmırdı ki, artıq məbləğ filan qazansın. Həmişə deyirdi, pul yeyilib qurtaracaq. Yoldaşlıq etmişik, əsas odur. Allahlı adam idi. Deyirdi mən Seyid övladıyam, mənə dəyən xeyir tapmaz.

- Özü necə, dindar idi?

- Özü peyğəmbər, imam aşiqi idi. Arada görürdüm, balkonda dayanıb ağlaya-ağlaya kimləsə danışır. Sonra başa düşdüm ki, o Allahla, imamlarla danışır qəlbində. O qədər sevgisi var idi. Seyid Əzimi, Füzulini çox sevirdi. Çox kitab oxuyan idi. Əslində, dörd sinif oxuyub. Amma bədii, tarixi kitabları, hikmətli məsəlləri sevirdi. Bəhlul Danəndə, Molla Nəsrəddini oxuyurdu, bizə danışırdı.

- Deyirsiniz, sizi oxumağa qoymayıb. Mühafizəkar adam olub deməli?

- Çox. Məktəbdə hamı bilirdi ki, Hacıbaba Hüseynovun qızıyam. Bir gün nəğmə dərsində dedilər ki, sənin səsin olmamış olmaz. Çıxdım Zeynəb Xanlarovanın mahnılarından konsert verdim. Hamının xoşuna gəldi. Səs nəsillikcə hamımızda var: Sara xalam, Akif İslamzadə, Həsən Hüseynov... Hər iki tərəf oxuyandı... Deməli, məktəb tədbirlərində oxuyurdum. Anam da bir-iki dəfə dinləmişdi. Atama gəlib deyib ki, ay Həci, qız bir yaxşı oxuyurdu ki. Atam o günü dedi ki, bir də eşitməyim sən tədbirdə-zadda oxumusan. Sonralar bağda-filanda oxuyanda deyirdi ki, kaş sənin nəfəsin məndə olardı... Sonra da ciddiləşib deyirdi ki, amma sənə oxumaq olmaz bu öz yerində... Bilmirəm niyə, amma elə düşünürdü. Elə deyirmiş ki, Sədaqət 8-cini bitirsin, otursun evdə. Necə uzaqgörən adam idi, amma bu işdə niyə belə etdi, bilmirəm. İndi çətin vaxtımda düşünürəm ki, kaş əlimdə sənətim olardı. Amma məni elə çox sevirdi ki, mənim istəyim onun üçün ən vacib idi.
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
- Həyat yoldaşınızı seçəndə sizin seçiminizə qarışmadı ki?

- Yox. Deyirdi ki, onu özü seçməlidir. Sevgi hissinə böyük hörməti var idi. Deyirdi, dini baxımdan da evlənəcək insanların bir-birini tanımasında, seçməsində qəbahət yoxdur. Çünki neçə il bir yerdə yaşayacaqlar. Düzdü onun da razılığı oldu. Amma seçimi mənə buraxdı.

- Ananız daha tez vəfat etdi?

- Yox, anam atamdan 4 il sonra vəfat etdi. Atam ona uşağı kimi yanaşırdı. O cür qayğısını çəkirdi. Əslində, dəhşətli qısqanc adam idi. Anamı çox qısqanırdı. Gəncliyində də elə olub. Anamla bir yerə çıxmırmış heç vaxt. Onun üstündə davaya da düşüb. Amma anama elə münasibəti var idi, sanki şahzadə ilə davranır. Müharibə vaxtı hamı ac olanda 5 manat da qazansa, anama xərcləyib. Özü geyinməyib, ona geydirib. Yeməyib ona yedirib. Özünə gələndə çox sadə adam idi. Pulu da var idi, imkanı da, amma iki kostyumu var idi. Ya da görürdün bir ucuz ayaqqabı alıb gəlib. Deyirdi, olmasın 100 manatlıq, olsun 20 manatlıq ayaqqabı, ayağımdan çıxmır ki, qəşəng görsənir...

Amma anamla mənə gələndə istəklərimizi yerinə yetirməsə mümkün deyildi. Ümumiyyətlə, ailəyə bağlı idi. Toydan çıxıb evə tələsirdi. Səhər tezdən durmağı sevirdi. Dururdu çay qoyurdu, dükana, bazara gedirdi. Zibili atırdı. Yəni bütün bunları özünə ayıb bilmirdi. Qabları belə yuyurdu bəzən. Qayğımızı çəkməyi sevirdi. Ümumiyyətlə, sadə insan idi. Tanınmağının onun gündəlik həyatına təfavüt eləməsini istəmirdi. Avtobusa, tramvaya minirdi. Kimsə bazarda ondan pul almaq istəməyəndə qəti etiraz edirdi. Deyirdi, bazarda hörmət olmaz, oxuyanda başqa, gətirib pul qoyursuz stola. Amma bazarda olmaz...

Hamı elə bilirdi ki, ondan sonra var-dövlət qalıb, deyirdilər qızıl onluqları xırdalayıb yaşayarsız. Amma elə deyildi. Özünə lazım olandan artığını istəmirdi. İki otaqlı evdə yaşadıq. Lap axırda 3 otaqlı ev aldı. Ona heç gedib baxmadı da. Elə deyirdi bəsimizdi də. Gözütox adam idi.

- Evdə hansı mahnını zümzümə edirdi?

- Toya getməzdən qabaq məşq edirdi, səsini yoxlayırdı. Tək girirdi otağa qapını bağlayıb məşq edirdi. Bir də televizorda kimsə oxuyanda oxunan mahnını özü də oxuyub yoxlayırdı. Deyirdi ki, adam var, əhvalı pisləşdi səsinə təsir edir, amma məni bir balaca hirsləndir, o məqamda mənim oxuduğumu heç kim oxumaz. Atam ölən günədək oxudu. Həkim ona icazə vermirdi. Amma oxuyurdu, toylara da gedirdi. Fikri zikri o idi ki, ölən günə kimi qazanıb ailəmə pul qoyum.

- Hacıbaba Hüseynovun yadigarı kimi bir diqqət varmı sizə?

- Bizə nə lazımdır ki? Heç nə istəmirəm. Özümün sənətim yoxdu. Amma yoldaşıma bir iş versələr işləyərdi. Müraciət etmişəm bir neçə dəfə. Məşğulluq idarəsinə yönəldirlər, amma ordan da bir şey çıxmır...

Bilirsiniz, yenə onu yad edirlər, qiymət verirlər, bu da bizim üçün xoşdur. İndi muğama bu qədər qiymət verilir, müsabiqələr keçirilir. Sağ olsa, atam bu işlərə çox sevinərdi. Bəlkə müsabiqədə hələ onun qəzəllərini də oxudular.

- Hacıbaba Hüseynov 70 yaşdan sonra sanki, daha çox diqqət gördü: ad aldı, Kərbəlaya getdi, sonra ölkələri gəzdi...

- Elə oldu...

- Xalq artist adını gec, 70 yaşında aldı. Necə qarşıladı bu hadisəni?

- Şan-şöhrət adamı deyildi. Deyirdi, onsuz da məni sevirlər. Bu elə ən yaxşı addır. Amma diqqət göstərməklərinə sevindi. Həm də yaşlı, həssas vaxtı idi. İstər-istəməz xoş olur adama. İlk səfəri 1989-cu ildə Kərbəla səfəri oldu. Bakıdan kənara çıxmamışdı. Amma bu səfər onun üçün elə böyük səfər idi ki... Ömrü boyu İmam Hüseyn üçün ağlayırdı. Həmişə deyirdi ki, Allah mənə imam Hüseynin ziyarətini qismət etsin. Deyirdi ki, mən ölmərəm e daha, Həzrəti Əlinin quyusundan su içmişəm...

Ondan sonra da Fransaya, İsveçrəyə, Belçikaya qastrol səfəri oldu. Həkimlər icazə vermirdi. Dilindən kağız aldılar sonra səfərə buraxdılar. Dedi ki, yox ey, mən ora gedəcəm, Sədaqət məndən videomaqnitafon, bir də şuba istəyib, onu alıb gətirəcəm. Biz çox narahat idik. İstəməyimə belə peşman idim. O qədər qayğıkeş idi ki, qayıdanda təyyarədən düşəndə mənə aldığı hədiyyələri əlində tutmuşdu ki, Sədaqət görsün.

- Heç onun kimi sizi sevən, əzizləyib qayğınızı çəkən oldumu?

- (kövrəlir) Olmadı, olmayacaq da heç...

- Son dönəmlərini necə keçirdi?

- Xəstəliyi iki ilə qədər çəkdi amma yatağa düşmədi. Bir az arıqlamışdı. Bir də təngnəfəs olmuşdu. Əvvəlcə ürəyində İşemiya var idi, bir də ağciyərində xərçəng var idi.

- İndi bu xəstəlikdən müalicə olunurlar, amma o zaman bir az daha ağır idi bu xəstəlik. Özü bilirdi xəstəliyini?

- Yox, bilmirdi. Oturub-durub deyirdi yaxşıdır ki, o zəhrimardan deyiləm. Amma möhkəm adam idi. Ölümü hər dəqiqə yadına salan adam idi. Ölən günü də Sumqayıta qonaq aparmışdılar Çox dedik getmə, getdi. Sual veriblər, danışıb-edib, halı pisləşib. Evə güclə gəlib çıxdı. Gərək getməzdi o məclisə. Amma kimə deyirsən, dərdi o idi ki, qazanım gətirin ailəmə. Son günədək onu düşünürdü.

- Vəsiyyət etmişdimi?

- Bir dəfə demişdi ki, dəfimi heç kimə vermə. Bir də deyirdi, məni Bibiheybətdə basdırarsız, çünki özü uşaqlıqdan orada İmam Museyi-Kazımın bacısı Həkimə xanımın məzarını ziyarət etməyə gedirmiş. Amma lap ölməyinə bir-iki gün qalmış, dedi, birdən desələr ki, Fəxri Xiyabanda basdırılsın, onda eybi yoxdur, razılaşarsınız.

- Hacıbaba Hüseynovun 100 illiyinin keçirilməsi haqda prezident sərəncamı var. Tədbirlər olacaq...

- Anım tədbiri oktyabrda, öldüyü tarixdə keçiriləcək. Bir çox tədbirlər olacaq. Bu diqqət bizi sevindirir. Bir də onun qəzəllərini, təxmislərini Rafael Hüseynov alıb bizdən, çap olunmalıdı bu yaxınlarda kitab kimi. Sənətkarlar haqda bir neçə kitabında da Rafael Hüseynov atam haqqında yazıb. Sağ olsun. İlk dəfə “Axşam görüşləri”nə də Rafael Hüseynov atamı çağırıb. 70 illik yubiley tədbirini də o təşkil etmişdi, aparıcısı da özü idi. İndi atamın yazdığı qəzəllərdən, təxmislərdən ibarət çap olunacaq kitabı gözləyirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi