“Xalq artisti, Əməkdar artist lüt soyunub ekrana çıxır” – Fəxri adlara ETİRAZ
“Xalq artisti, Əməkdar artist lüt soyunub ekrana çıxır” – Fəxri adlara ETİRAZ
Mədəniyyət sahəsində bəzi şəxslərə fəxri adların verilməsi zaman-zaman əksəriyyətdə narazılıq yaradıb, prosesin düzgün şəkildə həyata keçirilmədiyi həmişə müzakirə mövzusu olub. Əksər ölkələrdə fəxri adların olmadığını deyənlər Azərbaycanda da onların ləğvinə çağırırlar.
Bu çağırışlar xüsusilə son günlər eks-Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad edilməsi fonunda daha da aktuallaşıb. Bir çoxları iddia edirlər ki, məhz Əbülfəs Qarayevin dövründə fəxri adlar yaxınlıq, tanışlıq, rüşvət, tapşırıq kimi əsaslarla verilib.
Fəxri adları ləğv etmək mümkündürmü?
Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa da fəxri adların ləğvini istəyənlərdəndir:
“Fəxri adların verilməsini yığışdırmaq lazımdır, amma bizdə bunu xəstəliyə çeviriblər. Ona görə də sənət arxa planda qalıb, hamını düşündürən odur ki, hansısa bir yolla ad alsın. Elə adam var ki, pulla fəxri ad alıb təqdimat edir. Bu məsələdə ölkə prezidentini də aldadanlar olur. Məsələn, elə adam var ki, toy müğənnisidir, onun “Xalq artisti” adı daşımasına haqqı yoxdur, amma yenə də bu adı alır. Yaxud da heç bir sənəti olmayan pop musiqiçisi “Əməkdar artist” adını alır. Bu isə mədəniyyət nümayəndələri arasında haqsız rəqabət yaradır. Əgər ad verilirsə, heç olmasa bunu şəffaf təşkil edib, subyektivliyi məsələdən uzaq tutsunlar. Cəmiyyətin öz dəyərləndirməsi var. Əgər kimsə əsl sənət adamıdırsa, cəmiyyət tərəfindən ona dəyər verilir. Amma kimsə qeyri-qanuni yolla ad alırsa, bu artıq toplum tərəfindən mənfi qarşılanır. Fəxri ad verilirsə, heç olmasa ona bu adın hansı səbəbdən verildiyi izah olunmalıdır”.
Deputat yeni təyin olunacaq Mədəniyyət nazirindən də çox şeyin asılı olduğunu qeyd edib:
“Əgər yeni təyin olunan nazir Əbülfəz Qarayevə rəhmət oxutduracaqsa, onda demək olmaz ki, fəxri adların verilməsində hər hansısa dəyişiklik olacaq. Ümid edək ki, vəzifəyə normal adam gələcək və bu prosesləri normal tənzimləyəcək. Çünki sənət adamları həssas adamlardır. Ona görə bayağı qiymətləndirmə məqbul sayılmır. Bütün hallarda, yəqin ki, bu məsələlər nəzərə alınacaq”.
Xalq artisti, aktyor-rejissor Əbdül Mahmudov fəxri adların verilməsinin seçki yolu ilə olmasını təklif edir:
“Fəxri adların ləğv olunması məsələsini son dəfə bu adlar veriləndə kəskin şəkildə şəkildə qaldırdım. Azərbaycanın nifrət etdiyi adama götürüb “Xalq artisti” adı verirlər, bu da söz-söhbətə səbəb olur. Amma, təəssüf ki, bu məsələyə münasibət bildirəndə bircə nəfər mədəniyyət nümayəndəsi mənim yanımda olmadı. Hətta elələri oldu ki, mənimlə görüşəndə dedilər “nəyinə lazımdır, addır da verirlər”. Yəni mədəniyyət sahəsinin adamları arasında da bu məsələyə laqeyd münasibət var. “Xalq artisti” adı 50-60 yaşdan aşağı kimsəyə verilməli deyil. Şoumenlərə “Əməkdar artist” adı vermək olmaz, onlar üçün “əməkdar şoumen” adı təsis olunmalıdır. Çünki onlar xanəndə deyil ki, fəxri ad alalar. Bir də görürsən ki, Xan Şuşinskinin, Rübabə Muradovanın, Həqiqət Rzayevanın da aldığı ada layiq görülənlər lüt soyunub çıxırlar efirə. Azərbaycan xalqına bu yaraşmaz. Fəxri ad vermək üçün seçkilər təyin olunsun və demokratik şəkildə düzgün adamlara, xalq tərəfindən seçilən insanlara ad verilsin”.
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə fəxri ad anlayışının Sovet dövründən qalan mənasız bir tendensiya olduğunu diqqətə çatdırıb:
“Fəxri adlar Sovet dövründən qalıb. Təəssüf ki, müstəqillik illərində biz bu mənfi tendensiyadan imtina edə bilmədik. Mən həmişə o fikirdə olmuşam ki, yaradıcı insana istedadına görə qiymət vermək lazımdır. Nizaminin, Füzulinin, Nəsiminin fəxri adı olmayıb. Onlar zəif şair olublar? Normal ölkələrin əksəriyyətində bu anlayış yoxdur. Bizimkilər Avropaya gedəndə yazıq tərcüməçi əcnəbilərə onların “Xalq şair”i, yaxud “Xalq artisti” olduğunu heç cür başa sala bilmirlər. Məncə, bu tendensiyadan qurtarmağın vaxtı çatıb. Təəssüf ki, Azərbaycanda fəxri adlardan qalxan kimi sitifadə edənlər var. Səsi yoxdur, oxuya bilmir, səhnədə at kimi kişnəyir, üstəlik, repertuarı bərbaddır, tənqid edəndə də deyir ki, “mən Xalq artistiyəm, mənim əməyimi dövlət qiymətləndirib, sən kimsən ki, məni bəyənmirsən?” Bir dəfə Space TV-də canlı efirdə meyxanaçı Pərviz Bülbüləni tənqid etdim. Verilişdən sonra mənə dedi ki, “sən yaxşı jurnalist olsaydın, ad verərdilər, sinəndən medal asardılar”. Onu başa sala bilmədim ki, mənim mükafatım tamaşaçı rəyidir, oxucu məhəbbətidir. Hesab edirəm ki, istedadlı adamlara dövlət deyil, xalq qiymət verməlidir. Rüşvət verib “Xalq artisti” adı alan adam bu adı daşısa da, istedadı yoxsa, heç vaxt xalqın artisti olmayacaq”.