“Mehmanxana sahibəsi” səhnəyə çıxacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” tamaşasının premyerası olacaq. Teatrdan verilən məlumata görə, səhnə əsəri may ayının 7-də saat 19.00-da ilk dəfə nümayiş etdiriləcək.
Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsasında hazırlanan eyniadlı tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev ifa edirlər.
Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.