Alimlər xəbərdarlıq edirlər ki, Yer kürəsinin ən böyük canlı ekosistemi olan Böyük Sədd Rifi (BSR) ciddi təhlükə ilə üz-üzədir - okean temperaturu son 400 ildə ən yüksək həddə çatıb.
Azia.az blogu "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barərə "İndependent" yazıb..
Bildirilir ki, Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərir ki, qlobal istiləşmə dayanmasa, bu təbiət möcüzəsi gələcək nəsillər üçün qorunub saxlanmaya bilər.
Bu il Böyük Sədd Rifini əhatə edən sularda dəniz səthinin temperaturu son 400 ilin ən yüksək göstəricilərinə çatıb.
Tədqiqatın aparıcı müəllifi Benjamin Henl deyib: "Rif təhlükədədir və əgər biz hazırkı kursumuzdan kənara çıxmasaq, bizim nəsil çox güman ki, Yerin ən böyük təbii möcüzələrindən biri olan Böyük Sədd Rifinin məhvinin şahidi olacaq".
BSR ətrafındakı dənizlərdə temperaturun insan fəaliyyəti səbəbindən 1900-cü illərdən bəri davamlı olaraq yüksəldiyi bildirilir. Xüsusilə, təhlükəli istixana qazlarını artıran kömür, neft və qazın yandırılmasından söhbət gedir.
1960-cı ildən 2024-cü ilə qədər tədqiqatın müəllifləri hər 10 ildə orta hesabla 0,12 °C istiləşmə müşahidə ediblər. Tədqiqatda deyilir ki, bu təbiət möcüzəsi ətrafında dənizin səthindəki görünməmiş istilik kütləvi ağartmanın getdikcə daha tez-tez baş verməsinə səbəb olur.
Əslində, 2016-cı ildən bəri rif 5 yayda kütləvi mərcan ağartma dövrü yaşayıb. Araşdırma nəticəsində məlum olub ki, bu ağartma hadisələri son 4 əsrin ən isti 6 ilinin 5-də baş verib.
Araşdırmanın nəticələri göstərir ki, BSR geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşır və bu nöqtədən bərpa olunmaya bilər.
Paris razılaşmasına əsasən, dünya temperaturun 1,5 dərəcə və ya maksimum 2 dərəcədən yuxarı qalxmasının qarşısını almağa çalışır. Lakin mərcanlar üçün hətta 2 dərəcə yüksəliş qayaların 99%-ni məhv etməyə kifayət edə bilər.