Buşu kövrəldən, 3000 rəssamı heyrətə salan bakılı uşaq - HƏYAT HEKAYƏTİ
O, Ginnesin Rekordlar Kitabına hansı bacarığına görə düşmüşdü?
Dünyanın ən böyük rəsm qalereyalarından olan Moskvadakı “Tretyakovka”da hamı Seretelini gözləyirdi. Zurab Seretelini Rusiya Sənət Akademiyasının prezidentidi. Bir azdan rəsm müsabiqəsinin qalibinin adı açıqlanacaqdı. Böyük rus şairi Puşkinin anadan olmasının 100 illiyinə həsr edilmiş müsabiqəyə isə 3 min, hə, nə az, nə çox düz min əsər təqdim olunmuşdu. Sereteli qısaca çıxış edir. Çıxışı bitən kimi gümüşü sininin içindəki zərfi açır: “Stas Şpanin”. “Tretyakov” qalereyasına yığışmış insanlar bir-birinə baxır. Kim? Bu vaxt zaldan balaca bir uşaq səhnəyə tərəf irəliləyir. Sereteli uşağı bağrına basıb müsabiqənin qalibi olması barədə diplomu və hədiyyəni ona verir. Zaldan alqış sədaları qopur, amma yenə də hamı çaşqınlıq içindəydi. Kimdi axı bu uşaq? 3 mindən çox rəssamın qatıldığı belə bir müsabiqənin baş mükafatını bu çəlimsiz uşaqmı apardı?
***
Onda, bu mükafatı qazananda 9 yaşı vardı Stasın, Stanislav Şpaninin. Bakıda anadan olmuşdu. 5 yaşında 49 saylı məktəbin birinci sinfinə getmişdi. Amma hələ bir il əvvəl, 4 yaşında valideynləri onu Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayına aparmışdılar. Peşəkar rəssam Tatyana Kesarın kursuna.
Kesar müsahibələrinin birində belə demişdi: “Onu “28 may”dakı uşaq rəsm qalereyasına atası gətirmişdi. Çəkdiyi bir neçə rəsmə baxdım. Elə ilk rəsmdən başa düşdüm ki, Bakı dünyaya növbəti istedadı, vunderkindi bəxş etmək astanasındadı”.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tatyana Kesar balaca Stasda olan istedadı dərhal görür. Onunla həm qrup, həm də fərdi şəkildə məşğul olmağa başlayır. 7 yaşında balaca Stasın ilk sərgisi keçirilir. Sərgi o qədər uğurla başa çatır ki, tezliklə Stas barədə sənət kluarlarında belə, danışmağa başlayırlar. Moskvadakı uğurundan sonra isə 9 yaşlı bu bakılı balası barədə artıq dünyanın tanımış rəssamları danışırdılar.
***
Moskvadakı uğurun dalınca onu İtaliyaya dəvət edirlər. Oliveto-Çitro və Salerno şəhərlərində sərgiləri keçirilir. Daha sonra başqa böyük uğur: Stas YUNESKO-nun keçirdiyi “Xəzər” müsabiqəsinin də qalibi olur. Bir il sonra isə İsrailin Netaniya şəhərində fərdi sərgisi keçirilir. Elə həmin sərgidəcə YUNESKO onu Fransanın Trua şəhərində keçirilən daha böyük sərgiyə dəvət edir.
Bu vunderkind barədə mərhum prezident Heydər Əliyev də xəbər tutur. Heydər Əliyev onun sərgisində iştirak edir. Stas üçün gözlənilməz olan bu tədbirdə o, prezidentə əsərlərindən birini bağışlayır. Məhz bu sərgidən sonra onun adı “Ginnesin Rekordlar Kitabı”na düşür: Dünyanın ən gənc peşəkar rəssamı kimi. Bundan bir il sonra isə Stas Şpanin ABŞ hökumətinin təşkil etdiyi “River of words” müsabiqəsinin qalibi olur. Məhz bu sərgidən sonra Pultsir mükafatı laureatı Robert Hass onu Amerikaya yaşamağa dəvət edir. 2005-ci ildə 15 yaşlı yeniyetmə ailəsiylə bərabər ABŞ-a köçür, Massaçusets ştatının Sprinqfild şəhərində təhsil almağa başlayır. İki il ərzində ABŞ-da bir neçə sərgisi təşkil olunur. “Madonna 11” adlı əsərinin sorağı isə Ağ Evə gedib çıxır. Adıgedən əsər 2001-ci il 11 sentyabr hadisələrinə həsr edilmişdi. Deyilənə görə, o vaxt bu əsəri ABŞ prezidenti Corc Buşa təqdim edəndə çox kövrəlibmiş. Əsər isə Ağ Evə Nyu-Yorkdan göndərilibmiş. Buş əsəri evindəki kitabxanada asır. Rəsmə görə Stasa təşəkkür məktubu göndərir. Nyu-Yorkun polis rəisi isə Stası taparaq ona minnətdarlığını bildirir. Və bir il sonra dünyanın ən böyük şəhərlərinin birində, Nyu-Yorkda onun fərdi sərgisi keçirilir. Telekanallara dəvət alır, proqramlara çıxır.
***
Stasla bağlı bir maraqlı fakt. Hələ 13 yaşındaykən çar Rusiyasının tarixiylə maraqlanmağa başlayır. Xüsusən bolşeviklər tərəfindən qətlə yetirilmiş sonuncu çar ailəsiylə bağlı onlarla rəsm çəkir. Bu kolleksiyadan sonra Stas Moskvadan dəvət alır. Eyni vaxtda Xartford universitetini də bitirir. Surikov adına Sənət Akademiyasında isə heç kimin yox, Tahir Salahovun kursunu seçir. İki il sonra isə yenidən ABŞ-a qayıdır. 22 yaşında Stas artıq ABŞ və İsrailin sənət akademiyalarında mühazirələr oxuyurdu. 23 yaşında isə Xartford Sənət Universitetinin Direktorlar Şurasının üzvü idi.
Hazırda ABŞ-da yaşasa da, Bakıya da tez tez-gəlir. Bir dəfə ABŞ-da çıxan jurnalların birinə müsahibəsində belə demişdi: “Mən çox xoşbəxtəm ki, dünyanın iki prezidentinin evində mənim rəsmlərim asılıb. Heydər Əliyevin və Corc Buşun”.
Amma dünyanın neçə rəsm kolleksiyaçısı var ki, onlar da hər sərgidə Stasın əsərlərini alır. Və bu bakılı vunderkindin hələ neçə-neçə sərgisi keçiriləcək, neçə-neçə əsəri muzeyləri, kolleksiyaları bəzəyəcək. Hələ nə yaşı var ki? Vur-tut 26…