Qar üstündə qan
Murad Köhnəqala
Əfsanəvi yapon yazıçısı Yukio Misima “Qızıl məbəd” əsərində yazır ki, qar yağanda biz hamımız yenidən uşaq oluruq.
Bu yaxınlarda sinoptiklər xəbər verəndə ki, havalar yenə soyuyacaq, bəzi rayonlarda qar yağacaq, qanım qaraldı. Qar xəbərini eşidəndə daxilimdə sanki bir faciə şimşəyi çaxır. Həm də bir an fikirləşib bu hissin mənə haradan dolmasının səbəbini tapdım.
Adətən, qış aylarında, bir də ən əsası Yeni il bayramında hamımız qar yağmasını arzulamışıq. Şimal ölkələrinin ilk qar xəbərlərinə həsəd aparmışıq. Azərbaycanda isə Yeni il gecələrində qarın yağması, ağacların bəzənmiş yolka kimi qara bürünməsi çox təsadüfü olur, təbiətin möcüzələrindən sayılır. Dağlar ağa bürünəndə uşaqlar baxıb Şaxta Babanı xatırlayır.
Ötən 2015-ci ili yola salıb Yeni ili qarşılamaq üçün kəndimizdə anamın yanına yığışmışdıq. Elə bil həmin gecə göylər qar istəyimizi duydu, arzumuzu yerə salmadı. Gecə köhnə ilin üstünə qar yağdı, hamımız qarı qarşılamaq üçün bayıra daraşdıq. Yeni il səhəri üzümüzə təptəzə, dümağ bir gün kimi açıldı.
Üzümüz gülürdü. Ətrafın ağlığı, yağan qar müvəqqəti də olsa bizə bütün qayğılarımızı unutdurmuşdu.
Hər şey mənə uşaqlığımı xatırladırdı. Uşaq kimi üşüyür, uşaq kimi qartopu oynayır, həyətimizdəki itlə uşaq kimi atılıb-düşürdüm. Sərçələrin dəstəylə həyətdəki ağaclara qonması beynimin xatirə bölməsində müxtəlif panoramlar açır, lap balaca vaxtlarımı, məktəbə getdiyim çağları yadıma salırdı. Üşüyən əlində çantası, barmaqlarının arasında mürəkkəb ləkəsi olan o balaca məktəbli gözlərimin önünə gəldi.
Əlbəttə, quşları yemləmək lazımdı, quşlar acdı, qarda özlərinə yem tapa bilmirlər. Biz neçə ki, qarın gözəlliyinə sevinirik, o qədər də quşları, itləri, pişikləri yemləməliyik. Haydı, uşaqlar, bir karton qutusunu açıb qarın üstünə sərin! Nənənin toyuq dənindən, çörəkdən üstünə səpin! Bir az cəld olun, quşlar çox acıblar! Özü də karton qutusunu lap ağacın yaxınlığına qoyun ki, quşlar bizdən utanıb uçmasınlar, qaçmasınlar!
Beləcə, sərçələrimizi yemləyirdik ki, bir də kəndin o başından tüfəng səsi eşidildi. Bu nə bəd xəbər idi, nə pis səs idi! Sərçələr pırıltı ilə dənin üstündən yarımçıq qalxaraq uçub uzaq ağaclara qondular. Nəsə, bu əhvalat xoşumuza gəlmədi, qarın gözəlliyi ilə quşların qorxusu qəti uyğun deyildi.
Bir azdan, bizdən xeyli aralıda yaşayan, axşam bizdən ayrılıb öz evlərinə gedən bacım qayıdıb gəldi. Çatan kimi birinci söhbəti bu oldu: “Mən bilmirəm adamlarımız niyə belə vəhşidi? Aşağıda, bizim tərəfdə hərə əlinə bir tüfəng alıb düşüblər ac sığırçın, sərçə ovuna. Dəhşətə gəlmişəm, ağ qarı hər yanda qana boyadılar!”
Bu da belə! Demək, qar yağandan sonra dəstəylə yem axtaran quşları güllələyirlər. Yağan gözəlliyi tüfənglə qarşılayırlar.
Niyə bizimkilər o quş dəstəsinin göylərimizə, ağaclarımıza verdiyi gözəllikdən yox, ətindən həzz alırlar? Balaca bir qanadlı varlığın ətini yemək çoxmu vacibdi?
Çaylarımızdakı balıqları elektriklə kütləvi qırıb suyun ruhunu öldürüblər. Torpaqları zəqqum dərmanlarla zəhərləyib həşəratları, böcəkləri məhv edərək torpağın ruhunu öldürüblər. Ağaclara hücum edib meşələri qırır, havamızın ruhunu öldürüblər. Suyun, torpağın, havanın ruhunu öldürməyimizlə insanın ruhunu öldürmüşük.
Ruhu ölmüş insanlar yalnız ruhsuz cəmiyyət yaradar!
Daha bu yerlərdə qarın yağmasını heç arzulamıram. Quşu, ağacı, balığı öldürüb nəyi dirildəcəksiniz?
Yaxşı ki, bunların gülləsi göydəki Aya-ulduza çatmır...