Millət vəkili : Dünya təcrübəsində müəllim və həkimlərin dövlət qulluqçusu statusu barədə vahid model yoxdur

Son günlər müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdədir. Mövcud mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, müəllimlərin geyim forması, cərimələnməsi kimi təkliflərin dərhal qəbul olunmasına baxmayaraq belə mühüm qərarın hələ də təklif kimi qalması sual doğurur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, dünya təcrübəsində müəllim və həkimlərin dövlət qulluqçusu statusu məsələsində vahid model yoxdur.
O qeyd edib ki, dünyanın bir sıra ölkələrində müəllimlər xüsusi hüquqi statusa sahibdirlər: “Xüsusilə Fransa, İspaniya, İtaliya, Cənubi Koreya və Almaniyanın bəzi əyalətlərində dövlət məktəblərində çalışan müəllimlər dövlət qulluqçusu və ya ona bənzər xüsusi hüquqi statusa malikdirlər. Bununla belə, Böyük Britaniya, İsveç, Finlandiya, Danimarka, Norveç, Niderland kimi bir çox inkişaf etmiş ölkədə müəllimlər və həkimlər dövlət sektorunda çalışsalar da, klassik dövlət qulluqçusu hesab edilmirlər, onlar əmək müqaviləsi ilə işləyən dövlət işçiləridir və güclü sosial təminat sistemindən faydalanırlar. Bir çox ölkələrdə müəllim və həkimlər ümumi dövlət qulluğu sistemindən kənar, ayrıca hüquqi çərçivə ilə tənzimlənirlər”.
E.Akimovanın sözlərinə görə, Azərbaycanda isə müəllim və həkim peşəsinə hər zaman xüsusi hörmət və ehtiram göstərilib: “Son illərdə bu sahələrdə əməkhaqlarının artırılması, sosial təminatın yaxşılaşdırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə sertifikasiyadan uğurla keçən müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb. Səhiyyə sahəsində də ixtisas və peşəkarlıq meyarları əsasında əməkhaqqının yüksəldilməsi və stimullaşdırma mexanizmləri tətbiq olunur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, sertifikasiya və peşə qiymətləndirilməsi proseslərində hər zaman arzu olunan nəticələr əldə edilmir. Müəllim və həkimlərin müəyyən hissəsi bu qiymətləndirmələrdən uğurla keçə bilmir. Bu baxımdan dövlət qulluqçusu statusunun verilməsi yalnız sosial təminat məsələsi deyil, həm də peşəkarlıq, seçim meyarları, məsuliyyət və dövlət qulluğunun ümumi prinsipləri ilə bağlı kompleks hüquqi məsələdir. Məhz buna görə də bu məsələ hələlik yekun həllini tapmayıb”.
Millət vəkili onu da vurğulayıb ki, əslində, müzakirə "status verilsin, ya verilməsin" müstəvisindən daha genişdir: “Dövlət müəllim və həkimdən yüksək peşəkarlıq, intizam, etik davranış və məsuliyyət tələb edirsə, onların sosial müdafiəsi və hüquqi təminatı da daim gücləndirilməlidir. Dünya təcrübəsi də göstərir ki, bunu həyata keçirməyin yeganə yolu dövlət qulluqçusu statusu deyil. Bir çox ölkələr həmin statusu vermədən də müəllim və həkimlər üçün yüksək əməkhaqqı, etibarlı sosial təminat, karyera inkişafı və peşə nüfuzu yarada bilib. Azərbaycanda da aparılan islahatların əsas məqsədi məhz bu tarazlığı təmin etməkdir”.
Şəhanə Qədirli