Rusiyanı Azərbaycana dəyişən idmançıdan sərt reaksiya: “Məni doğulduğum gündən...”
İdman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişən 13 yaşlı fiqurlu konkisürən Aleksandr Plyuşşenko qərarı ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Azia.az Musavat.com-a istinadən xəbər verir ki, Aleksandr Plyuşşenko “Sport-Ekspress” nəşrinə açıqlamasında ona yönələn neqativ reaksiyaların əhəmiyyət daşımadığını deyib.
“Düzünü desəm, mənə fərqi yoxdur. Əgər məni tənqid edirlərsə, deməli, maraq doğururam. Məni tənqid etməsəydilər, bu o demək olardı ki, heç kimin diqqətini çəkmirəm. Üstəlik, haqqımda hər cür cəfəngiyyat yazıblar. Kiminsə xoşuna gəlmirsə, baxmasın. Mən buna hazır idim, məni doğulduğum gündən tənqid edirlər”, – deyə o bildirib.
Gənc idmançı qeyd edib ki, qərarı yaxın ətrafı tərəfindən dəstəklənib.
“Bütün dostlarım və yaxınlarım məni dəstəklədi. Məsələn, Dima Bilan dedi ki, məni tənqid etməyə heç bir əsas yoxdur. Mən sadəcə beynəlxalq arenada çıxış etmək istəyirəm”, - deyə Plyuşşenko vurğulayıb.
Xatırladaq ki, Aleksandr Plyuşşenko ötən ay idman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişib.